Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü regionun coğrafi, iqtisadi və siyasi mənzərəsini yenidən formalaşdıran tarixi bir hadisə kimi yadda qaldı. Bu görüş təkcə müstəqilliklərinin 35 illiyinə hazırlaşan qardaş dövlətlərin növbəti dialoqu deyil, həm də Azərbaycanın 2025-ci ilin noyabrında bu regional formata tamhüquqlu üzv kimi daxil olmasından sonra atılan ən qətiyyətli və inteqrasiya yönümlü addım oldu. “Avaza” Kompelksindən ucalan yüksək səviyyəli rəsmi səslər və təqdim olunan strateji təkliflər göstərir ki, Xəzərin hər iki sahili artıq vahid geosiyasi və geoiqtisadi orqanizmə çevrilməkdədir.
Məşvərət formatının coğrafi sərhədlərini aşaraq Azərbaycanı öz ağuşuna alması təbii və obyektiv zərurətdən doğub. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsi yekdil və tarixi bir qərar idi. Bu yaxınlaşmanın əhəmiyyətini artıran ən mühüm məqamlardan biri isə Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən xüsusi qeyd olunan və böyük sevinclə qarşılanan hadisədir: Azərbaycan 2027-ci ildə bu mötəbər Məşvərət Görüşünə ilk dəfə sədrlik edəcək. Bu sədrlik Bakının regiondakı birləşdirici missiyasını beynəlxalq səviyyədə bir daha təsdiq edir.
İclasda səslənən iqtisadi göstəricilər və təkliflər əməkdaşlığın artıq sadə ticarət mübadiləsindən daha dərin – kooperasiya mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə isə region kapitalı ilə 400-dən çox şirkət aktiv fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla qurulan və kapitalı yüz milyonlarla dollar təşkil edən birgə investisiya fondları bu sənaye sıçrayışının maliyyə dayağıdır.
Bu kontekstdə Özbəkistan lideri Şavkat Mirziyoyevin irəli sürdüyü “Altı iqtisadiyyat – bir məhsul” formulu regional inteqrasiyanın fəlsəfəsini tam ifadə edir. Artıq dövlətlər yalnız idxal-ixracla məhdudlaşmır; Tacikistan Prezidenti Emoməli Rəhmonun da qeyd etdiyi kimi, xammalın birgə emalı və sənaye komplekslərinin yaradılması əsas hədəfə çevrilir. Qırğızıstanın təklif etdiyi vahid elektron ticarət platforması və Özbəkistanın 2027-ci ildə Xivədə keçirilməsini planlaşdırdığı “Mərkəzi Asiya-Azərbaycan” biznes forumu bu zənciri daha da möhkəmləndirəcək.
Azərbaycan və Mərkəzi Asiyanın geosiyasi çəkisi onların beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsindən qaynaqlanır. İlham Əliyevin çıxışında nəqliyyat və energetika sahələrinə xüsusi yer ayrıldı. Xəzər dənizinin hər iki sahilindəki nəqliyyat infrastrukturunun genişləndirilməsi, dəniz limanları, aeroportlar və dəmir yollarına qoyulan investisiyalar bəhrəsini verir. Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi ötən il 10 faizdən çox, bu ilin ilk 8 ayında isə daha 20 faiz artıb.
Azərbaycan Prezidenti İlham Əliyev 8-ci Məşvərət görüşündəki çıxışında format üzvü olan dost və qardaş dövlətlərin ümumi inkişafının əsas təminatının nədən ibarət olduğunu öz çıxışında belə vurğuladı: “…Əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”.
Bu baxımdan Mərkəzi Asiya və ölkəmiz arasındakı quru və dəniz yolları həm də rəqəmsal və enerji magistralları ilə tamamlanır: “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzərin dibi ilə çəkilən fiber-optik xətlər regionu rəqəmsal haba çevirir, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə daşınması həcmi davamlı böyüyür, Qazaxıstan və Özbəkistanla birgə qurulan “Yaşıl enerji dəhlizi” regionun qlobal ekoloji trendlərə verdiyi ən böyük töhfədir.
Digər tərəfdən xalqımız və dövlətimiz Türkmənistan tərəfindən Füzulidə tikilən məscidi, Özbəkistanın Mirzə Uluqbəy adına məktəbini, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda inşa etdiyi Manas adına məktəbini ölkələrimiz arasında qardaşlığın Qarabağın azad olunmuş torpaqlarındakı simvolları kimi qəbul edir.
Görüş çərçivəsində iştirakçı ölkələrin liderləri tərəfindən imzalanan “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” Azərbaycanla region ölkələri arasında münasibətlərin yüksələn xətt üzrə inkişafına və qarşıdakı illərdə bu ölkələr arasında həm format çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik yaradır.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Mərkəzi Asiyaya günəş kimi doğur: Prezidentin çıxışı Yeni Yol Xəritəsidir
Xəzər Azərbaycan və Türkmənistanı dostluq və qardaşlıq körpüsü kimi birləşdirir
Türkmənbaşıda imzalanan sənədlər Azərbaycanla Mərkəzi Asiya arasında strateji əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirir
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri regional həmrəyliyin yeni nümunəsidir