Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz mərc oyunları, virtual qumar və yeni nəsil cinayətkar qruplaşmalara qarşı mübarizə çərçivəsində 8 ay ərzində 7 818 əməliyyat keçirilib.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
Nazirin sözlərinə görə, 2026-cı ilin fevral-sentyabr aylarında Ədliyyə Nazirliyinin koordinasiyası ilə ölkənin 81 vilayətində istintaq tədbirləri həyata keçirilib. Bildirilib ki, əməliyyatlar çərçivəsində 70 853 şübhəli barəsində hüquqi tədbirlər görülüb. Onlardan 32 882-si həbs edilib, 15 826 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Akın Gürlek cinayətkar qruplaşmaların yalnız fəaliyyətlərinə deyil, onların maliyyə mənbələrinə və əmlaklarına qarşı da tədbirlər görüldüyünü bildirib. Onun sözlərinə görə, maliyyə araşdırmaları zamanı 2,54 trilyon Türkiyə lirəsi, 9,08 milyard ABŞ dolları və 3,49 milyon avro həcmində əməliyyat dövriyyəsi müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində bazar dəyəri 30 milyard lirəni aşan narkotik vasitələr, 1,4 milyard lirə, 17 milyon avro və 1,7 milyon dollardan çox nağd pul aşkarlanaraq götürülüb. Bundan başqa, 9 030 daşınmaz əmlak, 1 556 avtomobil və 22 su nəqliyyatı vasitəsi müsadirə edilib. 803 şirkət və müəssisə barəsində hüquqi tədbirlər görülüb.
"Deutsche Bank"ın rəhbəri Almaniya hakimiyyətini bürokratiyanı azaltmağa çağırıb