11 oktyabr 2026 21:30
132

YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələr davam etdirilir.

“İki sahil” xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə yerləşən "N.Nərimanov küçəsi" və  Mirzəcəfərli kənd ərazi partiya təşkilatlarında keçirilən müşavirələrdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirələrdə müvafiq ərazi partiya təşkilatlarının sədrləri Həsən Yusifzadə,  Nurəddin Alıyev iştirakçıları salamlayaraq, dövlət başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirilən mühüm məqamlara diqqət çəkiblər. Qeyd olunub ki, dövlət suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqlar ölkəmizin inkişafında yeni prioritet istiqamətlərin və hədəflərin müəyyənləşdirilməsini zəruri edir.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya müşavirələrdəki çıxışlarında dövlət suverenliyimizin bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib, Müzəffər Lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə danışıb. Ayrı-ayrı müddəaların gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının vacibliyini qeyd edib.

Müşavirələrdə çıxış edən YAP-ın VIII Qurultayının nümayəndələri Elməddin Əsgərxanov, Səfurə Hümbətova, həmçinin Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıblar.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyətinin və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi təşkilatı kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs olunub.

Sonda VIII Qurultayda ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin xalqımızın ürəyindən xəbər verən nitqini əks etdirən video - çarxa baxış keçirilib, səsləndirilən müddəalardan irəli gələn  məqsədlərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.