13 oktyabr 2026 10:53
118

Milli dəyərlər, bərabərlik və vahid nizam

Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların və ideoloji ziddiyyətlərin miqyası genişləndikcə, dövlətlərin müstəqilliyi həm də onların daxili sabitliyi və daxili mühitinin təhlükəsizliyi ilə ölçülür. Bu mürəkkəb qlobal mənzərədə Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən və güclü potensiala malik bir dövlət kimi seçilir. Ölkəmiz regional və qlobal səviyyədə sabitlik, əmin-amanlıq, fərqli sivilizasiyaların uzlaşdırıcı platforması olaraq böyük nüfuz qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kurs təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmədi, həm də gələcək uzunmüddətli dövr üçün dayanıqlı inkişafın sarsılmaz təməlini qoydu.

Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi reallıqlarını diktə edən orta güc və regional təhlükəsizliyin qarantıdır. Dövlətin fəal xarici siyasəti və cəmiyyətdə mövcud olan milli həmrəylik sayəsində daxili risklər tamamilə aradan qaldırılıb. Lakin indiki mərhələdə qarşıda duran ən aktual məsələ xaricdən yönələn ziyanlı ideoloji təsirlərə qarşı cəmiyyətimizin güclü daxili immunitetini formalaşdırmaqdır.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi çıxışında bu təhlükəsizlik arxitekturasının vacibliyini xüsusi vurğulamışdır:

“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir... İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik”.

Müasir dövrdə bəzi xarici mərkəzlər idarə etdikləri media və sosial şəbəkə platformaları vasitəsilə cəmiyyətimizə, xüsusilə dünyagörüşü hələ tam formalaşmamış uşaqlara və gənclərə zərərli ideoloji tezislər aşılamağa cəhd edirlər. Onlar hələ ötən əsrin əvvəllərində böyük maarifçilərimiz və ziyalılarımız tərəfindən kəskin tənqid edilən xurafatı və mövhumatı yenidən azərbaycanlıların həyat tərzinə çevirmək istəyirlər. Din amilini bir növ siyasi silaha çevirən bu qüvvələrin əsas hədəfi ölkəmizi tərəqqi yolundan döndərmək, məzhəblərarası ziddiyyətləri qızışdırmaq və gənclərin dünyagörüşünü dini fikirlər əsasında formalaşdırmaqdır. Son zamanlar bəzi qonşu dövlətlərin informasiya resurslarında məktəblərdə vahid geyim standartları və nizam-intizam qaydaları ilə bağlı məsələlərin süni şəkildə qabardılaraq Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa qarşı kampaniya aparılması da məhz bu mərkəzlərin çirkin ssenarisinin tərkib hissəsidir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu təxribatların yeganə məqsədi birliyimizi sarsıtmaq, Azərbaycanı özlərinə tabe etdirmək və müstəqilliyimizi əlimizdən almaqdır.

Bu növ xarici təhdidlərə qarşı ən güclü sipər isə məhz milli təhsil sistemimizdir. Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması, məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi sadəcə inzibati qayda deyil, milli təhlükəsizlik məsələsidir.

Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcək simasını formalaşdıran mühüm sosial institutdur. Şagirdlər üçün tətbiq edilən vahid məktəbli forması kollektivə aidlik və məktəb kimliyi hissini artırmaqla yanaşı, ailələr arasındakı sosial-iqtisadi fərqlərin uşaqlar arasında vizual şəkildə qabarmasının qarşısını alır. Bu, şagirdlər arasında ayrı-seçkilik riskini sıfıra endirən, onlarda bərabərlik hissini gücləndirən daxili bir nizamdır. Dünyəvi təhsil sistemində qəbul edilmiş bu qaydalara tabe olmaq hər bir şagird və valideyn üçün qanuni məsuliyyətdir.

Təhsilalanlar üçün vahid forma, təhsilverənlər üçün isə müasir işgüzar üslub tələbləri geyimin qiymətinə və ya ötəri dəb meyllərinə olan izafi marağı azaldır, diqqəti tamamilə keyfiyyətli tədris mühitinə yönəldir. Təhsil ocaqlarımızda dünyəvilik prinsiplərinin qorunması, nizam-intizama riayət olunması xaricdən idarə olunan zərərli dini-ideoloji cərəyanların məktəb mühitinə sızmasının qarşısında sarsılmaz səddir. Dövlətin hüquqi təməlləri, güclü təhsil və sarsılmaz vətənpərvərlik ruhu Azərbaycan cəmiyyətini hər növ kənar manipulyasiyadan qorumağa qadirdir.

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı