Məktəb uşağın ailədən sonra daxil olduğu ilk geniş ictimai məkandır və burada formalaşan vərdişlər çox vaxt bütün sonrakı həyat boyu davam edir. Məhz buna görə ümumi təhsil müəssisəsində şagirdlərin və müəllimlərin necə geyinməsi sırf zövq və ya dəb məsələsi kimi qiymətləndirilmir, o, təhsil mühitinin nizamına, məktəbin nüfuzuna və cəmiyyətin gələcəyinə təsir göstərən idarəetmə və tərbiyə məsələsinə çevrilir. Azərbaycanda son həftələrdə qəbul edilmiş qərarlar bu məsələyə dair yanaşmanı hüquqi cəhətdən sistemləşdirib və hər iki tərəf – təhsilalanlar da, təhsilverənlər də üçün aydın çərçivə müəyyən edib.
Bu addımı müasir təhlükəsizlik anlayışından kənarda təsəvvür etmək çətindir. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulayıb. Sərhədləri müasir texnologiyalarla qorumaq mümkündür, amma ideoloji risklər sərhəd tanımır, internetdə, kibermühitdə və süni intellekt dövründə daha sürətlə yayılır. Prezidentin fikrincə, bu risklərə qarşı ilk müdafiə xətti təhsildir, ikincisi isə vətənpərvərlikdir. Rəsmi qiymətləndirməyə görə, müəyyən xarici mərkəzlər idarə etdikləri media və sosial şəbəkə resursları vasitəsilə dünyagörüşü hələ formalaşmaqda olan uşaq və gənclərə təsir göstərməyə çalışır, dini amildən siyasi təsir vasitəsi kimi istifadə etməyə cəhd edir. Baş örtüyü məsələsinin bəzi qonşu ölkələrdə süni şəkildə gündəmə çıxarılması və “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə qarşı kampaniyaların aparılması da bu kontekstdə izah olunur. Cəmiyyətin xarici təsirlərə qarşı möhkəm immunitetinin yaranması isə bilikli, savadlı və öz dövləti ilə fəxr edən vətəndaşların yetişdirilməsindən keçir.
Şagirdlərə münasibətdə əsas məqsəd məktəbdə vahid mühit yaratmaqdır. Eyni geyim forması uşağa bir kollektivin üzvü olduğunu hiss etdirir, məsuliyyət və məktəb kimliyi duyğusunu gücləndirir. Daha vacibi, forma ailələrin maddi imkanları arasındakı fərqi sinif otağının xaricində saxlayır: bir şagirdin geyiminin qiyməti, markası və ya nə qədər tez dəyişdirilməsi digərləri üçün müqayisə mövzusuna çevrilmir, ayrı-seçkilik və təhqir riski azalır. Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş əlavə tələblərə əsasən, müəyyən olunmuş forma vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadə etmək olmaz. Eyni zamanda tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyim və ya onun elementlərindən istifadəyə icazə verilir. Valideynlər isə uşaqlarının bu tələblərə əməl etməsini təmin etməlidirlər. Nümunəvi Nizamnamənin 5.15.8-ci yarımbəndinə əsasən daxili intizam qaydalarını təsdiq etmək direktorun səlahiyyətindədir. Bu qaydalara görə şagird dərsə məktəbin müəyyən etdiyi formada gəlməli, dərsdən əvvəl üst geyimini çıxarmalı, geyimini təmiz saxlamalı və gigiyena qaydalarına əməl etməlidir. Dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı ətək, zinət əşyaları, qeyri-adi saç düzümü və rəngi, uzun və rəngli dırnaqlar, makiyaj və saqqal isə məktəbdə qadağan edilib.
Müəllimlərə dair tələblər isə Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq olunmuş sənədlə tənzimlənir. Müəllim işlədiyi müddətdə məktəbdə, habelə məktəbi təmsil etdiyi kənar rəsmi və təntənəli tədbirlərdə bu qaydalara riayət etməlidir. Onun geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalı, dünyəvilik prinsipinə zidd düşməməlidir. Yeganə istisna fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya dərsləridir: orada məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional, rahat geyim məqbul sayılır. Geyimin ölçüsü və forması əmək funksiyasının icrasına mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı, ünsiyyətə və dərsin idarə olunmasına əngəl törətməməlidir. Məntiq sadədir: şagirdlərdən forma tələb edən məktəb müəllimlərdən də işgüzar mədəniyyət gözləyir. Bu, təhsil müəssisəsinin nümayəndəsi olmağın və peşə standartlarını daşımağın vizual ifadəsidir, kollektivdə komanda ruhunu və qarşılıqlı hörməti gücləndirir, məktəbin ictimai nüfuzuna və müəllimin pedaqoji avtoritetinə müsbət təsir göstərir. Üstəlik, müəllimin görünüşü şagirdlərdə situasiyaya uyğun geyinmək mədəniyyətini də formalaşdıran gündəlik nümunədir.
Bütün bunlar məktəbin intizamına və iş mühitinə də təsir edir. Şagirdlər üçün forma, müəllimlər üçün işgüzar üslub hər iki tərəfin təhsil prosesinə daha ciddi yanaşmasına stimul verir, geyimə, dəbə və onun dəyişmə tezliyinə olan izafi marağı azaldır, dərsin əsas məqsədinə diqqəti yönəldir. Hüquqi baxımdan isə dəyişikliklər təhsil idarəçiliyi və məktəbdaxili təşkilati qaydalar çərçivəsində vahid yanaşmanı təmin edir. “Ümumi təhsil haqqında” Qanuna görə dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəviliyin vəhdətidir. “Uşaq hüquqları haqqında” Qanunun 19.2-ci maddəsi valideynlərə uşaqları öz dini əqidələrinə uyğun tərbiyə etmək imkanı verir, lakin uşağın dinə etiqada məcbur edilməsini qadağan edir və dini tərbiyənin onun fiziki və psixi sağlamlığına zərər verməməsini tələb edir. Qərarlar məhz bu balansa əsaslanır.
Bu təcrübə təkcə Azərbaycana xas deyil. Qazaxıstanda məcburi məktəb formasına dair tələblər 2016-cı ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb, Qırğızıstanda vahid tələblər 2015-ci il sentyabrın 1-dən tətbiq edilir, Özbəkistanda müasir məktəbli formasının təmin edilməsi barədə qərar 2018-ci ilin avqustunda qəbul olunub, Türkmənistanda isə ümumtəhsil müəssisələrinin fəaliyyətinə dair əsasnamə 2019-cu il martın 1-də təsdiqlənib. Yəni region ölkələri də məktəbdə vahid geyim qaydasını intizamın və bərabərliyin vasitəsi kimi görür.
Rəsmi mövqeyə görə, vahid forma tələbi dini azadlığa qadağa deyil. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, etiqad azadlığı Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla təmin olunur, müsəlman qadınların baş örtüyü və ya geyimi ilə bağlı ölkədə ümumi məhdudiyyət yoxdur. Fərq ondadır ki, məsələ yetkin şəxsin şəxsi seçimi ilə deyil, dünyagörüşü formalaşmaqda olan azyaşlının dünyəvi təhsil mühitində davranışı ilə bağlıdır. Dünyəvi təhsilin məqsədi uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onu hər cür, o cümlədən dini-ideoloji təzyiqdən qoruyaraq sərbəst formalaşmasına şərait yaratmaqdır. Valideynin uşağı öz dəyərlərinə uyğun böyütmək hüququ qorunur, ancaq bu hüquq Konstitusiya və qanunlarla sərhədlənir. Qeyd olunur ki, yalnız qız uşaqlarının müəyyən geyim normasına tabe etdirilməsi onların sosiallaşmasına, həmyaşıdları ilə münasibətlərinə və gender rolları barədə təsəvvürlərinə təsir edə, uşağın özünü digərlərindən fərqli qrupa aid hiss etməsinə yol aça bilər. Dini nöqteyi-nəzərdən də fərdin ehkamların icrası ilə bağlı qərarını yetkinlik yaşından sonra özünün verməsi, Qurani-Kərimdə dində məcburiyyətin olmaması prinsipi ilə uzlaşdırılır. Bu mövqenin tərəfdarları vahid formanı bərabərliyin və dünyəvi xarakterin təminatı sayır; tənqidçilər isə belə qadağaların şəxsi və ailə seçiminə müdaxilə kimi qiymətləndirilə biləcəyini bildirirlər. Rəsmi izahda isə əsas diqqət uşağın müdafiəsinə və məktəbin dünyəvi mühitinin qorunmasına yönəlir.
Dövlətin dini sahəyə münasibəti göstərir ki, tətbiq olunan qaydalar İslama qarşı yönəlməyib. Ölkədə 2389 məscid fəaliyyət göstərir və onlar eyni anda təxminən 600 min nəfəri qəbul edə bilər. Son illərdə Bakıda, Şəkidə, Şamaxıda, İsmayıllıda və Naxçıvanda məscid və ziyarətgahlar bərpa edilib, işğaldan azad olunmuş 67 məscid düşmən əsarətindən qurtarılıb, Şuşada, Ağdamda, Zəngilanda və Hadrutda mövcud məscidlər yenilənib, Şuşa, Cəbrayıl, Füzuli və Laçında yeni məscidlərin tikintisi davam edir. Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin bərpasına 2025-ci ildə müvafiq olaraq 550 və 600 min manat ayrılıb, Gəncədəki Şah Abbas məscidinin bərpası üçün 2026-cı ildə ilkin olaraq 1,6 milyon manat nəzərdə tutulub. Din xadimlərinə maddi dəstək alanların sayı 2020-ci ildəki 984 nəfərdən 1204 nəfərə çatıb, dini konfessiyalara dövlət yardımı 3,25 milyon manatdan 6,3 milyon manatadək artıb, 2015-ci ildə 645 olan dövlət qeydiyyatındakı dini icmaların sayı isə 994-ə yüksəlib, onların 956-sı İslam icmalarıdır. Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə və doktorant təhsil alır, onun nəzdindəki Bakı İlahiyyat Kollecində 65 tələbə oxuyur, “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində 2025-ci ildə 250 məscid kitabxana ilə təmin olunub, 2026-cı ildə daha 210 məscidin və 10 cəzaçəkmə müəssisəsindəki ibadət otaqlarının əhatə edilməsi planlaşdırılır.
Beynəlxalq müstəvidə də ölkə dinlərarası dialoq və İslam həmrəyliyini təşviq edir. COP29 çərçivəsində 2024-cü ilin noyabrında Bakıda təxminən 300 dini liderin iştirakı ilə Qlobal Sammit keçirilib və Bakı Bəyannaməsi qəbul olunub, həmin ilin dekabrında Rabatda ICESCO ilə birgə dinlərarası harmoniyaya həsr edilmiş konfrans təşkil edilib, 2026-cı il iyunun 30-da isə Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini qurumları rəhbərlərinin ilk görüşü keçirilərək radikalizmə, ekstremizmə və islamofobiyaya qarşı əməkdaşlığı nəzərdə tutan Kommünike imzalanıb. Beləliklə, məktəb geyimi ilə bağlı yeni qaydalar dinin deyil, təhsilin dünyəvi xarakterinin, şagirdlər arasında bərabərliyin və gənc nəslin təsirlərdən qorunmasının məsələsidir. Yetkin vətəndaşın dini seçimi qorunur, məktəb isə hər uşağın ailəsinin gəlirindən və baxışlarından asılı olmayaraq özünü bərabər hiss etdiyi, bilik və intizamla yetişdiyi məkan olaraq qalmalıdır.
Vasif Səfiyarov,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
2026-cı ilin ilk 8 ayı ərzində əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur