14 oktyabr 2026 15:19
121

Bakıda “Kəlağayı” yürüşü

Bakıda “Kəlağayı” adlı rəngarəng yürüşə start verilib.

“İki sahil” xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib.

Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib.

Yürüş Qız Qalasının qarşısından başlayıb. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.

Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.

Azərbaycan kəlağayısı beynəlxalq səviyyədə də tanınır. 2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm hadisə kəlağayının yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından əhəmiyyətini təsdiqləyib.

Kəlağayı sənətinin əsas mərkəzləri sırasında Şəki və Basqal xüsusi yer tutur. Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur. Kəlağayıların üzərindəki buta, nəbati və həndəsi ornamentlər xalqımızın zəngin bədii təfəkkürünü əks etdirir. Bu sənətin qorunması, gənc nəsillər arasında təbliği və gündəlik geyim mədəniyyətində yaşadılması milli irsimizin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıyır.