15 oktyabr 2026 16:01
93

Məktəbli necə geyinməlidir?

Dünənin xatirəsi, bu günün düşüncəsi

Bir məktəbli forması, bir qəzet yazısı və unudulmayan bir dərs...

Hər dövrün öz xatirələri, hər nəslin yaddaşında iz salan öz məktəb illəri var. Bəzən bir forma, bir nişan, bir qalstuk insanın yaddaşında bütöv bir ömrün səhifəsini açır. Mənim üçün də məktəbli forması belə bir xatirədir.

Sovet dövründə məktəblilərin vahid geyim forması vardı. Qızlar qəhvəyi rəngli şal don, yayda ağ, qışda isə qara önlük geyinərdilər. Boynumuzda qırmızı qalstuk, yaxamızda əvvəl oktyabryat, sonralar isə komsomol nişanı olardı. O geyimdə özümüzü necə də səliqəli, necə də yaraşıqlı hiss edərdik! Məktəbin özünəməxsus görkəmi, şagirdin isə özünəməxsus məsuliyyəti vardı.

O vaxtlar da imkanlı ailələrdən olan bəzi şagirdlər məktəbli forması geyinmək istəmir, məktəbə gündəlik geyimlərində gəlirdilər. Bu, nə şagirdlər arasında, nə də müəllimlər arasında birmənalı qarşılanırdı. Çünki məktəb təkcə bilik öyrənilən yer deyil, həm də bərabərliyin, intizamın, qarşılıqlı hörmətin və mənəvi dəyərlərin formalaşdığı məkandır.

Mən onda bir məktəbli kimi bu məsələyə biganə qala bilmədim. Qələmə sarılıb «Azərbaycan gəncləri» qəzetinə bir yazı göndərdim. Yazımın adı da bu günə qədər yaddaşımdadır: «Məktəbli necə geyinməlidir?»

Yazı qəzetdə dərc olundu və əsl müzakirəyə çevrildi. Üç-dörd ay davam edən bu müzakirəyə Azərbaycanın müxtəlif bölgələrindən məktəblilər, müəllimlər, valideynlər qoşuldular. Respublikanın elə bir bölgəsi yox idi ki, oradan mənə məktub gəlməsin. Bəzən bir gündə yüzlərlə məktub alırdım. Məktubun çoxluğundan kitabxanaçımız Raya müəllimə yarı zarafat, yarı ciddi gileylənirdi:

— Sənə gələn məktubları gətirməyə gücüm çatmır. Deyəsən, bir kisə lazımdır!

Təsəvvür edin, o zaman nə sosial şəbəkələr vardı, nə də bir düymə ilə fikir bildirmək imkanı. İnsanlar düşüncələrini kağıza köçürür, zərfə qoyur, poçta aparırdılar. Hər məktubun arxasında bir insanın fikri, bir narahatlığı, bir təklifi dayanırdı. Məktəblilər də, müəllimlər də, hətta valideynlər də bu müzakirəyə qoşulur, öz münasibətlərini bildirirdilər.

Bu gün geriyə baxanda anlayıram ki, həmin hadisə təkcə məktəbli geyimi haqqında deyildi. Bu, gənclərin ictimai həyata münasibətinin, sözə və düşüncəyə verilən dəyərin, bir məsələnin ətrafında birləşmək bacarığının göstəricisi idi.

Bəs bu gün necədir?

Bu gün də ölkəmizdə vahid məktəbli forması mövcuddur. Məqsəd də aydındır: məktəblilər arasında zahiri fərqləri azaltmaq, təhsil mühitində nizam-intizamı qorumaq, məktəbə uyğun geyim mədəniyyəti formalaşdırmaq.

Ancaq və lakin...

Bəzən formanın özü var, amma onun ifadə etdiyi məna arxa plana keçir. Bəzən geyimə münasibət ailənin maddi imkanlarının nümayişinə çevrilir. Bəzən də valideyn övladının məktəbə hansı geyimdə getməsindən daha çox, başqalarının onu necə görəcəyini düşünür.

Halbuki məktəb moda nümayişi deyil. Məktəb nə var-dövlətin, nə bahalı geyimin, nə də ailənin maddi imkanlarının nümayiş etdirildiyi yerdir. Məktəb nə də hicab  yeri deyil.  Məktəb insanın biliyi, davranışı, dünyagörüşü və şəxsiyyəti ilə seçilməli olduğu məkandır.

Vahid məktəbli formasının ən mühüm üstünlüklərindən biri də budur ki, uşaqların diqqəti geyim fərqlərinə deyil, təhsilə və bir-birinə münasibətə yönəlsin. Bir şagirdin bahalı geyimi, digərinin isə sadə geyimi onun insan kimi dəyərini müəyyən etməməlidir. Heç bir uşaq ailəsinin maddi imkanlarına görə utanmamalı, heç bir şagird geyiminə görə özünü başqalarından üstün tutmamalıdır.

Amma burada bir vacib məqamı da unutmayaq: vahid forma bərabərliyin simvolu ola bilər, lakin həqiqi bərabərlik yalnız geyimlə yaranmır. Bərabərlik uşaqların bir-birinə münasibətində, müəllimin ədalətində, valideynin tərbiyəsində və məktəbin yaratdığı sağlam mühitdə özünü göstərir.

Hörmətli valideynlər!

Övladınıza gözəl geyinməyi öyrədin, amma ondan da əvvəl səliqəli olmağı öyrədin. Ona keyfiyyətli paltar almağa çalışın, amma unutmayın ki, ən qiymətli libas insanın tərbiyəsidir.

Övladınızın başqalarından seçilməsini istəyirsinizsə, bunu bahalı geyimlə deyil, biliyi, zəhməti, dürüstlüyü və davranışı ilə etməsinə kömək edin. Uşağa hər istədiyini almaq sevginin yeganə ifadəsi deyil. Bəzən ona düzgün seçim etməyi öyrətmək daha böyük sevgidir.

Uşaqlar ailədə gördüklərini məktəbə gətirirlər. Valideyn geyimə həddindən artıq əhəmiyyət verirsə, uşaq da zahiri görünüşü əsas meyar saymağa başlayır. Valideyn sadəliyi, səliqəni, qənaəti və başqalarına hörməti öz davranışı ilə göstərirsə, övlad da bu dəyərlərlə böyüyür.

Bir düşünək: övladımızın bahalı geyimdə görünməsi daha vacibdir, yoxsa onun vicdanlı, savadlı, mərhəmətli və məsuliyyətli insan kimi yetişməsi?

Əziz şagirdlər!

Məktəbə bilik qazanmaq, özünüzü inkişaf etdirmək, gələcəyinizi qurmaq üçün gedirsiniz. Geyiminiz məktəbə uyğun, təmiz və səliqəli olsun. Amma heç vaxt insanın dəyərini geyimi ilə ölçməyin.

Sinif yoldaşınızın forması köhnədirsə, onu məsxərəyə qoymayın. Ayaqqabısı sizin ayaqqabınızdan sadədirsə, ona yuxarıdan aşağı baxmayın. Bəlkə də həmin şagirdin biliyi, istedadı, ürəyinin təmizliyi sizin üçün böyük nümunə ola bilər.

Unutmayın: bu gün sinifdə bir-birinizlə necə rəftar edirsinizsə, sabah cəmiyyətdə də elə münasibətlər quracaqsınız. Məktəb yalnız dərsliklərdən öyrənilən biliklərin deyil, insanlığın da məktəbidir.

Sizin ən gözəl bəzəyiniz nə bahalı geyiminiz, nə də dəbdə olan ayaqqabınızdır. Ən gözəl bəzəyiniz biliyiniz, mədəniyyətiniz, dürüstlüyünüz və başqalarına göstərdiyiniz hörmətdir.

Müəllimlərə də bir sözümüz var...

Məktəbdə vahid geyim qaydalarının tətbiqi yalnız tələbkarlıqla deyil, izahla, anlayışla və ədalətlə müşayiət olunmalıdır. Ailələrin maddi imkanları eyni deyil. Buna görə də geyim məsələsi heç bir uşağın alçaldılmasına, utandırılmasına və ya sinif yoldaşlarından təcrid edilməsinə səbəb olmamalıdır.

Məktəbli formasının məqsədi uşaqları bir-birinə bənzətmək deyil, onların təhsil mühitində özlərini rahat, bərabərhüquqlu və təhlükəsiz hiss etmələrinə kömək etməkdir. Qayda hamı üçün eyni olmalı, onun tətbiqində isə uşağın ləyaqəti qorunmalıdır.

Çünki intizam qorxu ilə deyil, şüurlu münasibətlə möhkəmlənir. Geyim qaydasına əməl etmək də məktəbə, müəllimə və təhsil mühitinə hörmətin bir ifadəsinə çevrilməlidir.

Dünənin məktəblisi bu günün valideyninə nə deyir?

İllər keçir, nəsillər dəyişir, geyimlər yenilənir. Bir vaxtlar qəhvəyi şal don, ağ və qara önlük geyinən məktəblilər bu gün həyatın müxtəlif sahələrində çalışan insanlardır. Həmin dövrün xatirələri isə bizə bir həqiqəti xatırladır: məktəbli forması sadəcə parça deyil, onun ətrafında formalaşan münasibətlər, dəyərlər və tərbiyədir.

Mənim illər əvvəl «Azərbaycan gəncləri» qəzetində dərc olunan yazım ətrafında aylarla davam edən müzakirə bu gün də düşündürücüdür. O zaman insanlar bir məktəblinin qaldırdığı məsələyə biganə qalmadılar. Yazdılar, müzakirə etdilər, təkliflər verdilər. Deməli, cəmiyyət məktəbin problemlərini öz problemi hesab edəndə, bir gəncin səsi də böyük bir müzakirəyə yol aça bilir.

Bu gün də valideynlərin, müəllimlərin və şagirdlərin məktəbli forması barədə danışmağa, düşünməyə, ortaq nəticəyə gəlməyə ehtiyacı var. Ancaq əsas sual yalnız «Məktəbli necə geyinməlidir?» deyil.

Əsas sual budur: «Məktəbli necə insan olmalıdır?»

Səliqəli geyinən, amma başqasını alçaldan uşaqmı? Bahalı paltar geyinən, amma dostunun çətinliyinə biganə qalan şagirdmi? Yoxsa sadə geyimi ilə yanaşı, böyük məqsədləri, zəngin biliyi, təmiz qəlbi və gözəl davranışı olan gəncmı?

Cavab aydındır.

Gəlin, uşaqlarımıza yalnız məktəbli formasını düzgün geyinməyi deyil, insanlıq formasını daşımağı öyrədək. Çünki məktəbli forması bir gün çıxarılır, amma məktəbdə qazanılan tərbiyə, mədəniyyət və mənəvi dəyərlər insanın ömrü boyu onunla qalır.

Ən gözəl məktəbli forması təmizlikdir, ən gözəl nişan bilikdir, ən gözəl qalstuk isə insanın vicdanıdır.

Məktəbli necə geyinməlidir?

Elə geyinməlidir ki, geyimi məktəbin qaydalarına, davranışı ailəsinin tərbiyəsinə, düşüncəsi isə gələcəyin ümidlərinə yaraşsın.

Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist