Aqrar Süni İntellekt layihəsi çərçivəsində nəzərdə tutulan 33 süni intellekt və rəqəmsal həllin 13-ü artıq istismara verilib, 11-i isə sınaq və inteqrasiya mərhələsindədir.
Oktyabrın 15-də Aqrar Süni İntellekt layihəsi çərçivəsində hazırlanmış süni intellekt və rəqəmsal həllərin icra vəziyyətinə, əldə olunan nəticələrə və onların kənd təsərrüfatında tətbiqinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov, Nazirliyin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı, İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban layihə barədə ətraflı məlumat veriblər.
Layihənin əsas istiqamətləri, mövcud icra vəziyyəti, istismarda olan həllərin funksionallığı və fermerlər üçün yaratdığı imkanlar barədə məlumat verilib. Həmçinin “Bitki sağlamlığı” həllinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) və “KTN ASİ” Telegram botunda işləmə prinsipi canlı nümayiş etdirilib. Avans subsidiya müraciətlərinin qiymətləndirilməsi zamanı istifadə olunan, sahələrin şumlanıb-şumlanmadığını peyk təsvirləri əsasında müəyyən edən həll də təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan Aqrar Süni İntellekt layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə imkanlarını genişləndirmək, məhsuldarlığın artırılmasını dəstəkləmək, resurslardan səmərəli istifadəni təşviq etmək və dövlət dəstəyi mexanizmlərinin effektivliyini yüksəltməkdir. Layihə, həmçinin 2026–2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan süni intellekt sisteminin yaradılması tədbirinin icrasına xidmət edir.
Layihə çərçivəsində ümumilikdə 33 süni intellekt və rəqəmsal həllin hazırlanması nəzərdə tutulub. Bu həllər 12 proqram üzrə üç əsas istiqaməti əhatə edir:
Məhsuldarlığın artırılması – 7 proqram və 25 həll;
Subsidiyaların səmərəliliyinin artırılması – 3 proqram və 5 həll;
Heyvandarlığın inkişafı – 2 proqram və 3 həll.
İstiqamətlər üzrə bitki sağlamlığı, bitkilərin ərazi və iqlim şəraitinə uyğunluğu, suvarmanın idarə edilməsi, əkin sahələrinin monitorinqi, məhsuldarlığın müəyyənləşdirilməsi, torpaq və iqlim xəritələrinin hazırlanması, fermer reytinqi, istixanaların və heyvandarlıq təsərrüfatlarının xəritələşdirilməsi, otlaqların idarə edilməsi və digər sahələri əhatə edən həllər hazırlanır.
Tədbirdə təqdim olunan məlumata əsasən, nəzərdə tutulan 33 həllin 13-ü artıq istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır. Hazırda istismarda olan həllər bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi və fermer reytinqi proqramlarını əhatə edir. Bu həllər kənd təsərrüfatında risklərin əvvəlcədən qiymətləndirilməsinə, aqrotexniki tədbirlərin daha düzgün planlaşdırılmasına və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna imkan yaradır. 2026-cı ilin sonunadək bütün 33 həllin ilkin işlək versiyalarının hazırlanması hədəflənir. Növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Layihənin fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən biri bitki sağlamlığı proqramıdır. Bu proqram çərçivəsində xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyənləşdirilməsi həlləri artıq istifadəyə verilib. Xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması həlli aqrometeoroloji stansiyalardan əldə olunan məlumatlar əsasında riskləri saatlıq qiymətləndirir, zərərvericilərin inkişaf mərhələlərini izləyir. Hazırda sistem səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir.
Dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli isə külək, yağıntı ehtimalı və temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir. Bu imkan fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir.
Bitkilərin əraziyə uyğunluğunun müəyyən edilməsi, inkişaf fazaları üzrə risklərin xəritələşdirilməsi, temperatur xəbərdarlıqlarının verilməsi və optimal əkin müddətinin hesablanması da istismarda olan həllər sırasındadır. Torpaq və iqlim göstəricilərinə əsaslanan məlumatlar bitki və sort seçiminin daha əsaslandırılmış şəkildə aparılmasına şərait yaradır. Aqrar Süni İntellekt layihəsi çərçivəsində su ehtiyatlarından səmərəli istifadə və suvarma ehtiyacının düzgün müəyyənləşdirilməsi istiqamətində də həllər tətbiq olunur.
Sahə səviyyəsində suvarma ehtiyacını hesablayan sistem bitkinin növünü, inkişaf fazasını və iqlim məlumatlarını nəzərə alaraq gündəlik buxarlanmanı, yağıntı proqnozunu və su balansını qiymətləndirir. Bu, fermerlərə suvarmanın vaxtını daha düzgün planlaşdırmağa imkan verir. Bununla yanaşı, ölkə və rayon səviyyəsində suvarma tələbatının proqnozlaşdırılması modeli 180-dən çox iqlim stansiyasının və torpaq nəmliyi sensorlarının məlumatları əsasında yoxlanılır. Peyk məlumatlarından istifadə etməklə hazırlanan torpaqların dinamik nəmlik xəritəsi isə əkin sahələrində su stresinin müəyyənləşdirilməsinə xidmət edir. Hazırda bu həll pambıq sahələri üzrə tətbiq olunur.
Layihə çərçivəsində yaradılmış dinamik iqlim xəritəsi də 180-dən çox iqlim stansiyasından əldə olunan məlumatlar əsasında ölkə üzrə temperatur, yağıntı və digər iqlim göstəricilərini əks etdirir. Bu məlumatlar aqrar risklərin qiymətləndirilməsi və digər süni intellekt həllərinin fəaliyyətinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Layihənin mühüm nəticələrindən biri fermerlərin iqtisadi və ekoloji göstəricilərini, eləcə də müasir təsərrüfat idarəçiliyi meyarlarını qiymətləndirən reytinq sistemidir. Sistem əkin sahəsi, məhsuldarlıq, sudan istifadə, torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə, sığorta, müasir texnologiyaların tətbiqi və bəyanların düzgünlüyü kimi göstəriciləri nəzərə alır. Qiymətləndirmə fermerlərin təsərrüfat fəaliyyətinin müxtəlif aspektlər üzrə təhlilinə və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir.
2025–2026-cı il bəyan dövründə 313 min fermer qiymətləndirilib və onların təxminən 39 mini 30 bal həddini keçib. Reytinqi 30 baldan yüksək olan fermerlər əkin subsidiyasının 30 faizini avans almaq üçün müraciət edə bilərlər. Bundan əlavə, avans subsidiya müraciətlərinin qiymətləndirilməsi zamanı əkin sahələrinin şumlanıb-şumlanmadığını peyk təsvirləri əsasında müəyyən edən həll tətbiq olunur. Bu texnologiya əkin sahələri üzrə məlumatların yoxlanılmasına və dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir.
Hazırlanmış süni intellekt və rəqəmsal həllərin fermerlər üçün əlçatanlığını təmin etmək məqsədilə EKTİS, mobil tətbiq və “KTN ASİ” Telegram botundan istifadə olunur. EKTİS vasitəsilə Nazirliyin əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzləri və fermerlər müvafiq funksiyalardan yararlana bilirlər. Mobil tətbiq bitkilərin inkişaf fazaları üzrə risk xəritəsini və fermer reytinqinin komponentlərini əhatə edir. “KTN ASİ” Telegram botu vasitəsilə isə xəstəlik və zərərverici riskləri, dərmanlama üçün uyğun vaxtlar, bitkilərin inkişaf fazaları üzrə risklər və sahə səviyyəsində suvarma ehtiyacı barədə məlumatlar təqdim olunur.
Tədbir çərçivəsində “Bitki sağlamlığı” həllinin EKTİS-də və “KTN ASİ” Telegram botunda işləmə prinsipi əyani şəkildə nümayiş etdirilib. Nümayiş zamanı fermerin qeydiyyatlı sahəsinin seçilməsi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, yeddi gün üzrə saatlıq risk cədvəlinin təhlili və dərmanlama üçün uyğun vaxtların müəyyənləşdirilməsi prosesi göstərilib. Sistem meteoroloji göstəricilər əsasında risklərin səbəblərini və tövsiyələrin formalaşma prinsiplərini təqdim edir. Telegram botu vasitəsilə isə fermerlərin mobil telefonlarına gündəlik bildirişlər və təsərrüfat fəaliyyəti üçün əhəmiyyətli məlumatlar çatdırılır.
Qeyd edək ki, sistem tərəfindən təqdim olunan nəticələr məlumat xarakteri daşıyır. Aqrotexniki və bitki mühafizəsi tədbirləri görülməzdən əvvəl aqronomla məsləhətləşmə tövsiyə olunur. Aqrar Süni İntellekt layihəsi çərçivəsində növbəti mərhələdə sınaq və hazırlanma mərhələsində olan həllərin ilkin işlək versiyalarının tamamlanması, müvafiq informasiya sistemlərinə inteqrasiyası və mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin icrası kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına, su və digər resurslardan səmərəli istifadəyə, aqrar risklərin əvvəlcədən qiymətləndirilməsinə və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması və aqrar sahədə məlumatlara əsaslanan idarəetmənin gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır.
Orxan Vahidoğlu, "İki sahil"
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova