18 oktyabr 2026 22:12
84

Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çinin etirazına səbəb olub

Yaponiyanın Baş naziri Sanae Takaiçinin yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərməsi Çinin etirazına səbəb olub.

“İki sahil” xəbər verir ki, ianə olaraq "masakaki" adlanan, dibçəkdə bitən ağac paytaxt Tokiodakı məbədə payız festivalının başlaması ilə əlaqədar göndərilib.

Sanae Takaiçi əvvəllər həmin ziyarətgaha yaz və payız festivalları zamanı, eləcə də Yaponiyada müharibənin bitməsinin qeyd olunduğu 15 avqust tarixində baş çəkirdi. Lakin ötən ilin oktyabrında Liberal Demokrat Partiyasının lideri olduqdan sonra o, bunu etməyib.

Çinin Yaponiyadakı səfirliyi bəyanat yayaraq, Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsini tənqid edib. Səfirlik rəsmi açıqlamasında bu addımı tarixi ədalətə qarşı hörmətsizlik və müharibədən sonrakı beynəlxalq nizama meydan oxuma kimi qiymətləndirərək pisləyib. Bu il "Tokio prosesi" kimi tanınan Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunalın fəaliyyətə başlamasının 80-ci ildönümünü xatırladan Pekin Yaponiya hökumətini özünün təcavüzkar keçmişi barədə dərindən düşünməyə və militarizmdən birdəfəlik imtina etməyə çağırıb.

Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra edam edilən hərbi cinayətkarların da adları yer alır. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi və ya ora ianə göndərməsi ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.