19 oktyabr 2026 13:26
97

Zəngilan: Tarixi Zəfərin təntənəsi və Böyük Qayıdışın ünvanı

Azərbaycanın müasir tarixində elə qələbələr var ki, onlar milli iradəmizin, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz birliyinin təcəssümünə çevrilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin mühüm səhifələrindən biri də 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsidir. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpasına deyil, doğma yurda qayıdışın və böyük quruculuğun başlanmasına yol açdı.

20 Oktyabr - Zəngilan Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, tarixi ədalətin təntənəsini və azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasını simvolizə edir.

Zəngilan qədim tarixi, zəngin təbiəti və strateji mövqeyi ilə seçilən Azərbaycan torpağıdır. XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi bölgənin inzibati-siyasi xəritəsini dəyişdirdi. Tarixi Zəngəzur bölgəsində sonrakı dövrlərdə baş verən ərazi dəyişiklikləri Azərbaycanın tarixi-coğrafi bütövlüyünə ciddi təsir göstərdi.

1930-cu ildə rayon kimi təşkil edilən Zəngilan Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca yerləşir. Araz, Həkəri və Bəsitçay çayları, nadir çinar meşələri, münbit torpaqları və tarixi abidələri rayonun təbii-mədəni zənginliyini müəyyənləşdirir. Məmmədbəyli türbəsi, Şərifan sərdabələri və Bartaz qız qalası bu diyarın qədim keçmişinin mühüm yadigarlarıdır.

1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan ağır dağıntılara, ekoloji zərərə və mədəni irsin talanına məruz qaldı. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri və sosial infrastruktur dağıdıldı. Bununla belə, zəngilanlıların doğma torpağa qayıdış ümidi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına inamı sarsılmadı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətin bərpasını sürətləndirdi. Oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi Azərbaycan Ordusunun mühüm hərbi uğurlarından biri oldu. Oktyabrın 22-də Ağbənd qəsəbəsinin azad edilməsi ilə dövlət sərhədimizin İranla olan hissəsində nəzarət tam bərpa edildi. Həmin qələbələr Azərbaycanın suverenliyinin təmin olunmasında və regionun gələcək inkişafında həlledici rol oynadı.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Zəngilanda Dövlət Bayrağını ucaltması dövlət hakimiyyətimizin bu torpaqlarda bərpasının rəmzinə çevrildi. 2023-cü il iyulun 31-də imzalanmış Sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Bu gün Zəngilan azadlığın quruculuqla tamamlandığı bir diyardır. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir. 2022-ci ildə Ağalı kəndində başlanan məskunlaşma bu prosesin ilk mühüm mərhələsi oldu. “Ağıllı kənd” layihəsi müasir yaşayış şəraitini, rəqəmsal həlləri, alternativ enerjini və innovativ kənd təsərrüfatını bir araya gətirir.

Zəngilan şəhərində və rayonun digər yaşayış məntəqələrində aparılan tikinti-bərpa işləri yeni inkişaf modelinin əsasını qoyur. Yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, mühəndis-kommunikasiya şəbəkələri yaradılır. Su elektrik stansiyalarının fəaliyyəti isə regionun enerji potensialını gücləndirir və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verir.

Zəngilanın strateji coğrafi mövqeyi onu beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmək üçün geniş imkanlar açır. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu istiqamətdə mühüm addım oldu. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolu layihələri regionun nəqliyyat əlaqələrini gücləndirir, ticarət və tranzit imkanlarını genişləndirir.

Dirçəliş prosesi milli-mənəvi irsin bərpasını da əhatə edir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Zəngilan şəhər məscidinin bərpası tarixi və dini irsimizin qorunmasına verilən dəyərin göstəricisidir. Rayonun zəngin təbiəti və tarixi abidələri turizmin inkişafı üçün də geniş perspektivlər yaradır. “Dost Aqropark” layihəsi isə müasir kənd təsərrüfatının inkişafına, istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Prezident İlham Əliyevin Zəngilana səfərləri, layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, bərpa işlərinə göstərdiyi diqqət bu prosesin ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu təsdiqləyir. Məqsəd yalnız dağıdılmış əraziləri yenidən qurmaq deyil, sakinlər üçün təhlükəsiz, rahat və firavan həyat şəraiti yaratmaqdır. Doğma yurda qayıdan ailələrin mənzil, təhsil, səhiyyə və məşğulluq imkanlarının genişləndirilməsi Böyük Qayıdışın əsas hədəflərindəndir.

Zəngilanın hekayəsi işğaldan azadlıq, azadlıqdan dirçəlişə uzanan qürurverici bir yoldur. Bu gün qədim diyarımızda ucalan yeni binalar, salınan yollar və doğma evlərinə qayıdan insanlar Azərbaycanın sarsılmaz iradəsinin canlı ifadəsidir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, xalqımızın birliyinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasətinin təntənəsidir.

Zəngilan yenidən doğulur, dirçəlir və Azərbaycanın gələcəyinə inamla addımlayır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri