19 oktyabr 2026 14:03
135

Orta Ləki kəndində YAP-ın VIII Qurultayının hədəfləri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələrinin və müəyyənləşdirilmiş strateji vəzifələrin müzakirəsi məqsədilə YAP Ağdaş rayon təşkilatı tərəfindən təşkil olunan tədbirlər davam edir. Bu istiqamətdə növbəti görüş Orta Ləki kənd ərazi partiya təşkilatında baş tutub. Görüşdə Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki və Hapıtlı kəndindən olan partiya fəalları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə  müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş nitqi ilə açan Yuxarı Ləki kənd ərazi partiya təşkilatının sədri Müşviq Hüseynov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən danışıb. O bildirib ki, qurultay partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və yeni mərhələnin prioritetlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və irəli sürdüyü mühüm hədəflər barədə ətraflı məlumat verib. O, dövlət başçısının çıxışında yer alan əsas məqamları diqqətə çatdıraraq yeni dövrdə partiya fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb. Anar Şahmuradov qeyd edib ki, ideoloji fəaliyyətin köhnəlmiş yanaşmalardan uzaq, dövrün çağırışlarına uyğun şəkildə təşkili, xüsusilə yerli partiya təşkilatlarının üzərinə mühüm məsuliyyət qoyur. Onun sözlərinə görə, Zəfər qazanmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın davamlı inkişafı fonunda milli həmrəyliyin möhkəmləndirilməsi, sağlam ideoloji mühitin formalaşdırılması və dövlətçilik prinsiplərinin təşviqi əsas prioritetlərdəndir.

Görüşdə çıxış edən partiya fəalları Rasim Seyidov, Sona Məmmədova  və Məhəmməd Calalzadə qurultayın nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttini dəstəklədiklərini bildirərək, YAP-ın müasir ideoloji istiqamətlərinin rayonda həyata keçirilməsi, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin təbliği istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini qeyd ediblər.