09 oktyabr 2026 22:00
75

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü Özbəkistanda keçirilən beynəlxalq simpoziumda iştirak edib

 

 

6–9 oktyabr 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Cizzax vilayətinin Zomin şəhərində 5-ci Beynəlxalq Sığortaçılıq, Bankçılıq və Maliyyə Simpoziumu keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “HİMMARA AUDİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru Ziya Qurbanlı iştirak edib.

Simpozium çərçivəsində Ziya Qurbanlı “Türk dünyasında maliyyə inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda 16 sentyabr 2026-cı il tarixində Bakıda, Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanmış “Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyi”nin yaradılması haqqında Saziş və Birliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Çıxışda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın müvafiq peşəkar və tənzimləyici qurumlarının iştirakı ilə yaradılan Birliyin Türk dünyasında mühasibat uçotu, maliyyə hesabatlılığı və audit sahələrində əməkdaşlığın genişləndirilməsinə, peşəkar standartların uyğunlaşdırılmasına, auditorların ixtisaslarının qarşılıqlı tanınmasına və təcrübə mübadiləsinin inkişafına verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

Simpoziumun proqramı çərçivəsində, həmçinin maliyyə dayanıqlılığı, risklərin idarə edilməsi, dayanıqlı inkişaf hesabatlılığı, ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG), rəqəmsal transformasiya və süni intellektin maliyyə sektorunda tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndəsinin beynəlxalq tədbirdə iştirakı ölkəmizin audit və mühasibat uçotu sahəsində regional əməkdaşlıq təşəbbüslərinin beynəlxalq peşəkar mühitdə tanıdılması, qabaqcıl təcrübənin öyrənilməsi və Türk dünyasında institusional əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.