22 oktyabr 2026 11:31
87

Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba–Qonaqkənd–Muçu avtomobil yolunun 40–42-ci kilometrlərində baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.

Bu barədə "Caspianinfo"ya AAYDA-dan məlumat verilib.

Bildirilib ki, ərazinin mürəkkəb dağlıq relyefi nəzərə alınaraq, yolun dayanıqlığının artırılması və gələcəkdə sürüşmə risklərinin minimuma endirilməsi məqsədilə xüsusi mühəndislik həlləri tətbiq olunur.

"İşlər çərçivəsində dağ yamacları xüsusi beton məhlulu ilə möhkəmləndirilir, səth sularının təhlükəsiz şəkildə kənarlaşdırılması üçün beton küvetlər inşa edilir və suötürücü borular quraşdırılır.

Həyata keçirilən tədbirlər yalnız sürüşmənin mövcud fəsadlarının aradan qaldırılmasına deyil, həm də yol infrastrukturunun uzunmüddətli dayanıqlığının təmin edilməsinə və oxşar halların təkrarlanma riskinin azaldılmasına yönəlib", - məlumatda qeyd olunub.