27 oktyabr 2026 13:05
212

Kamran Bayramov: VII Forum Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirir

Dünyanın mühüm siyasi, mədəni və bəşəri platformalarına uğurla evsahibliyi edən Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib. Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun qlobal əhəmiyyətini və ölkəmizin mədəniyyətlərarası dialoqdakı rolu haqqında mühüm fikirlər səsləndirib. Dövlətimizin başçısı bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Prezident İlham Əliyev vurğulayıb ki, bu platformada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər ətrafında geniş müzakirələr aparılır. Azərbaycanın tarixi missiyasına və multikultural dəyərlərinə toxunan dövlət başçısı deyib: “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ölkəmiz tarixən çoxmədəniyyətli bir məkan olub və dinlərarası münasibətlər hər zaman dövlət gündəliyinin ön sırasındadır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan əsrlər boyu bu iki qitə arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm və etnik tolerantlıq ənənələrinin xalqımızın irsi olduğunu deyən dövlət başçısının sözlərinə görə, cəmiyyətdəki bu ahəngdarlıq sabit inkişafın təməlidir. Ölkəmizdə bütün etnik və dini nümayəndələr Konstitusiya əsasında bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar. Ölkə başçısı qeyd edib ki, cəmiyyətdəki yüksək həmrəylik və qarşılıqlı hörmət azərbaycançılıq ideyası ətrafında formalaşır. Dövlət başçısı bu milli birliyin İkinci Qarabağ müharibəsində bir "dəmir yumruq" kimi ortaya çıxdığını və böyük zəfərin rəmzinə çevrildiyini xüsusi vurğulayıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışan Prezident bildirib ki, ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq beynəlxalq hüququ və ədaləti öz gücü hesabına bərpa edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını təmin edib.
Kamran Bayramov Prezident İlham Əliyevin Forumundakı proqram xarakterli çıxışına diqqət çəkərək, vurğulayıb ki, bu gün Azərbaycanda cəmiyyət daxilində heç bir təhdid və ya risk mənbəyi yoxdur. Ölkəmizə qarşı yönələ biləcək bütün ehtimal olunan təhlükələr məhz xarici amillərlə bağlıdır. İdeoloji təxribatlar fiziki təhlükələr qədər dağıdıcı qüvvəyə malikdir və bu istiqamətdə hər zaman ayıq-sayıq olmalıyıq. Ölkəmiz hərbi qələbəsini təmin etdikdən və qarşı tərəfi kapitulyasiyaya məcbur etdikdən dərhal sonra prosesi dayandıraraq sivil sülh təklifini masaya qoyub. Azərbaycanın yaratdığı bu unikal təcrübə və mövcud presedent müasir dünyada davam edən digər regional münaqişələrin tənzimlənməsi üçün də effektiv nümunə hesab olunmalıdır.
K.Bayramov əlavə edib ki, milli həmrəyliyin qorunması və dövlətçilik dəyərlərinin cəmiyyətdə möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə, milli maraqlar ətrafında birliyin qorunması ölkəmizin qarşılaşa biləcəyi çağırışlara qarşı vahid mövqedən çıxış etməsinə imkan verir. Milli mənsubiyyətin, dövlətçiliyin, müstəqilliyin və milli həyat tərzinin qorunması bu gün hər bir vətəndaşın və cəmiyyətin qarşısında duran ən başlıca və dəyişməz prioritetdir.