26 oktyabr 2026 19:12
121

YAP-ın VIII Qurultayı ölkəmizin yeni inkişaf hədəflərini müəyyənləşdirdi

Oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının  (YAP) VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. Qurultaya hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqətçəkici idi. Rəsmi məlumata görə, sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin tədbirlərdə 16 min 239 nəfər iştirak edib və qurultaya 960 nümayəndə seçilib. Qurultayın oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilməsi təşkilatın miqyasını və dövlət həyatındakı yerini bir daha nümayiş etdirir.

Bu, partiyanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayıdır və ölkəmizin  artıq yeni strateji reallıqlar mərhələsinə qədəm qoyduğunun təsdiqidir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti , YAP-ın  Sədri İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu çıxışında həm partiyanın, həm də ümumilikdə dövlətimizin daxili və xarici siyasət strategiyasının yeni dövr üçün prioritetləri diqqətə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bölgə üçün də böyük önəm daşıyır. Bu siyasi təşkilat nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiya iqtidardadır. Ölkəmizin son illərdə keçdiyi uğurlu və şərəfli yolda YAP fəallarının böyük töhfəsi var.

Ümumiyyətlə, YAP-ın malik olduğu mühüm göstəricilər onun böyük siyai qüvvə olduğunu nümayiş etdirir. 800 mindən artıq  üzvü olan bu siyasi təşkilat iştirak etdiyi bütün seçkilərdə mütləq səs çoxluğu ilə qələbə çalıb. Prezident İlham Əliyevin YAP-ı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə etməsi partiyanın uzunmüddətli təşkilati və siyasi fəaliyyətinə verilən ali qiymətdir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: «Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var».

Ölkə başçısı çıxışında qurultayın Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirildiyini bildirib. VII Qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: «Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul  edilir».

Bu gün Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki bu sahələrdə enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı. Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələri bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücündə özünü aydın şəkildə göstərir.

Prezident İlham Əlyev qurultaydakı çıxışında qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücümüzün artırılması olduğunu bildirib. Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı bunun nə üçün lazım olduğuna aydınlıq gətirərək deyib: «Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib».

İqtisadi müstəqilliyin möhkəmləndirilməsi də yeni mərhələnin mühüm dayaqlarındandır. İnvestisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, enerji potensialından səmərəli istifadə, sənayenin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artıran əsas amillərdir. Neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin istehsal və ixrac imkanlarının genişləndiyini göstərir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı isə Azərbaycanın regional tranzit əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin  qurultayda 2027-ci il üçün büdcə artımları ilə bağlı verdiyi mesaj əvvəlki sosial islahatların məntiqi davamıdır. Qarşıdakı il üzrə bu istiqamətin müəyyən edilməsi əhalinin rifah halının yüksəldilməsinin dövlət siyasətində prioritet olaraq saxlanıldığını təsdiqləyir. Əməkhaqqı və sosial ödənişlərin artırılması ailələrin alıcılıq qabiliyyətini dəstəkləməklə daxili tələbatın ödənilməsinə və iqtisadi fəallığa da müsbət təsir göstərə bilər. Açıqlanan addım sosial təminatın gücləndirilməsi ilə iqtisadi inkişaf arasında əlaqəni möhkəmləndirməyə və vətəndaşların gələcək rifahına dair inamını gücləndirməyə xidmət edir.

Bu gün 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin nəticələri artıq yalnız hərbi-siyasi müstəvidə deyil, sosial-iqtisadi və humanitar müstəvidə də özünü göstərir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyev qurultayda bildiribki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb və Böyük Qayıdış bundan sonrakı illərdə daha da sürətlənəcək.

Elçin Zaman, «İki sahil»