27 oktyabr 2026 23:36
125

Qlobal mədəniyyətlərarası dialoqda Azərbaycan modeli

Ölkəmiz üçün multikulturalizm sonradan qəbul edilmiş və ya kənardan gətirilmiş bir nəzəriyyə deyil, xalqımızın əsrlər boyu formalaşdırdığı təbii həyat tərzi və mənəvi dəyəridir

Bəşəriyyətin siyasi, sosial və ideoloji gərginliklərlə üz-üzə qaldığı müasir dövrdə sivilizasiyalararası anlaşma və qarşılıqlı hörmət hər zamankından daha böyük zərurətə çevrilmişdir. Müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların yanaşı yaşamaq mədəniyyəti artıq sadəcə sosial amil deyil, qlobal təhlükəsizliyin və sabitliyin təməl sütunudur. Bu kontekstdə dinlərarası və mədəniyyətlərarası münasibətlərin inkişafı beynəlxalq birliyin gündəliyində xüsusi yer tutur. Azərbaycan isə həm tarixi irsi, həm də müasir dövlət siyasəti ilə bu vacib gündəliyin ön sıralarında addımlayır. Tarixən Böyük İpək Yolunun kəsişməsində yerləşən ölkəmiz Şərq və Qərb sivilizasiyalarının sintez olunduğu təbii bir məkan kimi formalılaşmışdır. Şərqlə Qərbin, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan təkcə ticarət mallarının deyil, həm də fikirlərin, mədəniyyətlərin, fəlsəfi cərəyanların və dini inancların mübadilə olunduğu canlı bir dəhliz olmuşdur. Qədim Qafqaz Albaniyasının xristianlıq irsi, İslam mədəniyyətinin intibah dövrü, qədim yəhudi məskənləri və atəşpərəstlik abidələri bu çoxmədəniyyətli keçmişin əyani sübutudur. Müxtəlif etnik qruplar əsrlər boyu öz özünəməxsusluqlarını, dillərini və adət-ənənələrini qoruyub saxlayaraq vahid Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişlər. Yəni, Azərbaycan üçün multikulturalizm sonradan qəbul edilmiş və ya kənardan gətirilmiş bir nəzəriyyə deyil. Bu, xalqımızın əsrlər boyu formalaşdırdığı təbii həyat tərzi və mənəvi dəyəridir.

Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələlərə diqqət çəkərək ölkəmizin mədəniyyətlərarası dialoqdakı rolu haqqında mühüm fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Azərbaycanın tarixi missiyasına və multikultural dəyərlərinə toxunan dövlət başçısı deyib: “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”.

Multikulturalizm və etnik tolerantlıq ənənələrinin xalqımızın irsi olduğunu deyən dövlət başçısının sözlərinə görə, cəmiyyətdəki bu ahəngdarlıq sabit inkişafın təməlidir. Ölkəmizdə bütün etnik və dini nümayəndələr Konstitusiya əsasında bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar. Cəmiyyətdəki yüksək həmrəylik və qarşılıqlı hörmət azərbaycançılıq ideyası ətrafında formalaşır. Dövlət başçısı bu milli birliyin İkinci Qarabağ müharibəsində bir "dəmir yumruq" kimi ortaya çıxdığını və böyük zəfərin rəmzinə çevrildiyini xüsusi vurğulayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanda cəmiyyət daxilində heç bir təhdid və ya risk mənbəyi yoxdur. Ölkəmizə qarşı yönələ biləcək bütün ehtimal olunan təhlükələr məhz xarici amillərlə bağlıdır. İdeoloji təxribatlar fiziki təhlükələr qədər dağıdıcı qüvvəyə malikdir və bu istiqamətdə hər zaman ayıq-sayıq olmalıyıq. Ölkəmiz hərbi qələbəsini təmin etdikdən və qarşı tərəfi kapitulyasiyaya məcbur etdikdən dərhal sonra prosesi dayandıraraq sivil sülh təklifini masaya qoyub. Azərbaycanın yaratdığı bu unikal təcrübə və mövcud presedent müasir dünyada davam edən digər regional münaqişələrin tənzimlənməsi üçün də effektiv nümunə hesab olunmalıdır.

Milli həmrəyliyin qorunması və dövlətçilik dəyərlərinin cəmiyyətdə möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə milli maraqlar ətrafında birliyin qorunması ölkəmizin qarşılaşa biləcəyi çağırışlara qarşı vahid mövqedən çıxış etməsinə imkan verir. Milli mənsubiyyətin, dövlətçiliyin, müstəqilliyin və milli həyat tərzinin qorunması bu gün hər bir vətəndaşın və cəmiyyətin qarşısında duran ən başlıca və dəyişməz prioritetdir. Məlumdur ki, müasir dünyada ksenofobiya, islamofobiya, antisemitizm və irqi ayrı-seçkilik kəskin şəkildə artmaqdadır. Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması haqqında fikirlərin səsləndiyi, bir çox bölgələrdə dini və etnik münaqişələrin alovlandığı bir şəraitdə Azərbaycan tamamilə fərqli bir mənzərə təqdim edir. Bir çox ölkələrdə assimilyasiya və ya təcrid olunma meyilləri üstünlük təşkil edir. Bu baxımdan dinlərarası dialoq da sadəcə fərqli inanc sahiblərinin bir masa arxasında əyləşməsi demək deyil. Bu, qlobal problemlərin - müharibələrin, ekstremizmin, yoxsulluğun və ekoloji böhranların həllində dini liderlərin və icmaların birgə məsuliyyət bölüşməsidir. Bakıda dəfələrlə keçirilən Dünya Dini Liderlərinin sammitləri sübut edir ki, Azərbaycan sülh və birgəyaşayış ideyalarının müzakirə olunduğu ən etibarlı mərkəzlərdən biridir. Ölkəmizdə İslamın müxtəlif məzhəblərinin nümayəndələrinin eyni məsciddə vəhdət namazı qılması, xristian və yəhudi icmalarının bayramlarını birgə qeyd etməsi dinlərarası dözümlülüyün kağız üzərində deyil, gündəlik həyatda real əksini tapdığını göstərir. Azərbaycan göstərir ki, müxtəliflik zəiflik deyil, zənginlikdir. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verilən töhfələr ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, qlobal sülhün bərqərar olmasına xidmət edir. Dünyada münaqişələrin və ayırıcı xətlərin dərinləşdiyi bir vaxtda, Azərbaycanın təqdim etdiyi birgəyaşayış modeli bəşəriyyətin ehtiyac duyduğu ən mühüm çağırışlardan biridir.

Sevinc Azadi, “İki sahil”