29 oktyabr 2026 19:24
111

Vətən müharibəsinin Zəfər xronikası: 30 oktyabr

Müzəffər Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatının 34-cü günündə Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ümumilikdə 9 kəndini işğaldan azad etdi

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Qələbəni təmin edən mühüm amillər oldu. Prezident İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

Oktyabrın 30-da Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etdi. Bu barədə Prezident İlham Əliyev özünün “tviter” hesabında bildirib.

Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd Su-25 təyyarəsi, üç ədəd T-72 tankı, bir PDM, iki ədəd “Smerç” və bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, iki ədəd “Qvozdika” özüyeriyən haubitsası, bir ədəd “Osa” ZRK, bir ədəd P-18 radiolokasiya stansiyası, dörd ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb. Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir Smerç” yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki “Smerç” sistemi, bir ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib.

Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini raket-artilleriya silahları anbarları dəqiq zərbələrlə məhv edib. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi açılıb. İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət Bayrağı ucaldılıb və bu zastavalar xidməti-döyüş fəaliyyətinə başlayıb.

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il   qırx dörd günlük Vətən müharibəsi və 2023-cü ildəki birgünlük lokal antiterror əməliyyatı ilə müasir hərb tarixinə qızıl hərflərlə yazılan yeni bir salnamə yaratdı. Bu salnamə həm də beynəlxalq hüququn və tarixi ədalətin Azərbaycanın öz gücü sayəsində bərpa olunması prosesidir. Əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılan, gələcək nəsillər üçün hər zaman ən böyük rəşadət və vətənpərvərlik nümunəsi olan zəfərlər təkcə torpaqlarımızın azad edilməsi deyil, həm də xalqımızn 30 illik həsrətinə son qoyaraq milli qürurun və tarixi ədalətin bərpası oldu.

Zahid Rza, “İki sahil”