Oktyabrın 29-da Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı “Xocahəsən yolu 1” (“Sədərək” Ticarət mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatının “Zəfər” zalında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni açan YAP veteran, “Sədərək” Ticarət Mərkəzinin direktoru Vaqif Hüseynli çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, tarixi Zəfərin qorunması və ölkəmizin hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir dövrdə ideoloji işin yenilənməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunub.
Tədbirdə çıxış edən YAP fəalı, partiyanın VIII Qurultayının nümayəndəsi Mikayıl Qədimov VIII Qurultayın ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, Azərbaycanın qazandığı tarixi uğurların qorunmasının, dövlətçiliyimizin daha da gücləndirilməsinin və milli maraqlarımızın etibarlı şəkildə müdafiə olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, müasir dövrdə informasiya təhlükəsizliyinin qorunması, milli dəyərlərə sahib çıxılması və ölkənin davamlı inkişafı naminə hər kəsin üzərinə düşən vəzifələrdən bəhs edib.
Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı “Xocahəsən yolu 1” ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini Sabir Ələkbərov çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən danışaraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını mühüm tarixi nailiyyət kimi qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları vurğulayıb, güclü ordunun yaradılması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, eləcə də hərbi, informasiya və ideoloji təhlükəsizliyin təmin olunmasının vacibliyini qeyd edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının ən fəal ərazi təşkilatlarından biri olan “Sədərək” Ticarət Mərkəzi həm rayonun, həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi zamanı bu ticarət mərkəzində çalışan iş adamları qələbənin əldə edilməsi üçün dövlətimizin ətrafında sıx birləşərək əllərindən gələni ediblər.
Müşavirədə çıxış edən YAP fəalı, “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim VIII Qurultayda müəyyən edilən prioritetlərin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərin davamlı olması üçün dövlətin gücünün artırılması, cəmiyyətin birliyi və milli maraqların qorunması xüsusi önəm daşıyır. O həmçinin inkişaf etmiş cəmiyyətin formalaşmasında vətəndaş məsuliyyətinin, düzgün məlumatlandırmanın və milli dəyərlərə bağlılığın mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin qurultaydakı çıxışında irəli sürdüyü mühüm vəzifələrə toxunaraq, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının, gənclərlə və qadınlarla işin gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
İlqar İlyasov bildirib ki, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji istiqamətlər partiyanın gələcək fəaliyyətinin əsas prioritetlərini təşkil edir. Bu baxımdan, milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği, informasiya mübarizəsində fəallığın artırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi qeyd edilən əsas məqamlar hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. O, partiyanın cəmiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsinin, təşəbbüskarlığın artırılmasının və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
YAP Qaradağ rayon təşkilatına daxil olan ərazi partiya təşkilatları arasında “Sədərək” Ticarət Mərkəzində çalışan partiya üzvlərinin öz fəallığı ilə seçildiyini vurğulayan İlqar İlyasov onlara təşəkkürünü bildirib. Əmin olduğunu vurğulayıb ki, bu ərazi təşkilatı bundan sonra da Qaradağ rayonunun ictimai-siyasi həyatında, YAP-ın VIII Qurultayının qərarlarının həyata keçirilməsində yaxından və fəal iştirak edəcəkdir.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb