29 oktyabr 2026 18:25
132

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

21-23 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi ilə Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi, Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiya etdiyi “Kənd təsərrüfatı, təbii ehtiyatlar və kənd yerlərinin inkişafı sektoru üçün rəqəmsal və süni intellekt həlləri” texniki yardım layihəsi çərçivəsində “Təlimçilərin hazırlanması” (Training of Trainers – ToT) proqramı keçirilib.

“İki sahil” xəbər verir ki, üç gün davam edən proqramın məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların və süni intellekt əsaslı həllərin tətbiqi üzrə mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, əldə olunan təcrübənin fermerlərə və digər kənd təsərrüfatı subyektlərinə ötürülməsini təmin etmək olub.

Təlim çərçivəsində süni intellekt alətləri, fermerlərin qiymətləndirilməsi, bitki sortlarının müəyyənləşdirilməsi, bitkilərin sağlamlıq vəziyyətinin monitorinqi, dərmanlama vaxtının optimallaşdırılması, suvarmanın idarə edilməsi, məhsuldarlığın proqnozlaşdırılması və torpaq xəritələrinin hazırlanması mövzularında təqdimatlar keçirilib, praktiki məşğələlər təşkil olunub.

Proqramın sonunda iştirakçılar arasında onlayn sorğu keçirilib və təlimi uğurla başa vuranlara sertifikatlar təqdim edilib. Hazırlanmış təlimçilərin gələcəkdə əldə etdikləri bilik və təcrübəni fermerlərə və digər kənd təsərrüfatı subyektlərinə ötürmələri, həmçinin bitkilərin monitorinqi, suvarmanın planlaşdırılması, məhsuldarlığın proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərindən istifadə sahələrində onlara praktiki dəstək göstərmələri nəzərdə tutulur.

Qeyd edək ki, proqram Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi və “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində hazırlanmış rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə, eləcə də əməkdaşların müasir texnologiyalar üzrə bilik və bacarıqlarının gücləndirilməsinə xidmət edir. Təşəbbüs aqrar sektorda məlumatlara əsaslanan qərarvermənin təşviqi, mövcud resurslardan səmərəli istifadə və innovativ texnologiyaların tətbiqi baxımından əhəmiyyət daşıyır.