30 oktyabr 2026 16:59
107

Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası çağdaş suveren Azərbaycan dövlətinin əsas ideoloji dayağı, xalqı vahid milli-mənəvi və dövlətçilik dəyərləri ətrafında birləşdirən ümummilli məfkurədir. Bu ideologiyanın təməlində müstəqilliyin qorunması, ərazi bütövlüyü və güclü dövlətçilik ənənələrinin formalaşdırılması, milli suverenlik, cəmiyyətdə həmrəyliyin gücləndirlməsi, milli kimliyin qorunması dayanır.

Müasir müstəqil Azərbaycan dövlətinin əsas ideoloji sütununu, milli kimliyinin təməlini təşkil edən azərbaycançılıq ideologiyası yalnız müəyyən etnik mənsubiyyəti deyil, ölkədə yaşayan bütün vətəndaşların ümumi dövlət və milli maraqlar ətrafında birləşməsini ehtiva edir. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Ulu Öndərin 1993-cü ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Həmrəylik Qurultayında söylədiyi, Vətənə məhhəbbətin ən bariz nümunəsi kimi artıq aforizmə çevrilən bu məhşur kəlam hər bir azərbaycanlı üçün milli qürur, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının rəmzinə çevrilib. Qədim tariximizi, zəngin mədəniyyətimizi, sarsılmaz milli kimliyimizi və torpağa olan sonsuz bağlılığımızı ehtiva edən bu ifadə doğma Vətənimizə-canımız Azərbaycana məhəbbətin ən bariz, ən ali təzahürüdür.

Vətənə məhəbbət imandanıdr. İnsanın vətənini sevməsi sadəcə coğrafi məkana bağlılıq deyil, həm də mənəvi borc və daxili təmizlik göstəricisidir. Bu mənada azərbaycançılıq məfkurəsi ölkəmizdə yaşayan bütün etnik qrupları və xalqları vahid dövlətçilik ideyası ətrafında birləşdirən, müstəqil, suveren Azərbaycanın əsas milli ideologiyasıdır. Bu məfkurə milli kimliyimizin formalaşmasında və qorunmasında bütövləşdirici və qoruyucu rol oynayır. Azərbaycançılıq ideologiyası xaricdə yaşayan milyonlarla soydaşımızın ana Vətən ətrafında birləşməsinə, onların milli şüurunun qorunmasına xidmət edir.

Xalqımızın tarixini, dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və adət-ənənələrini özündə birləşdirən bu ideologiyanın əsas istiqamətlərindən biri Azərbaycan dilinin inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılmasıdır. Ulu Öndərin “Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var” fikri də Onun  ana dilinin milli kimliyin qorunmasında oynadığı rola verdiyi yüksək qiymətin bariz göstəricisidir.

 Azərbaycançılıq ideologiyasın əsas hədəflərindən biri müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xaqlın təkidli tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıtması müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, vətəndaş müharibəsi təhlükəsi və hakimiyyət böhranına son qoydu.  Ümummilli Lider dərin zəkası, iti ağlı, qətiyyətli siyasəti ilə milli dövlətçiliyimizin konsepsiyasını yaratdı, müasir müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını, hüquqi və demokratik prinsiplərini formalaşdırdı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın neft-qaz strategiyası başladı, ölkənin iqtisadi müstəqilliyi və beynəlxalq əməkdaşlığı təmin edildi. Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası onun rəhbərliyi ilə hazırlanıb qəbul olundu, ordu quruculuğu, hüquqi və demokratik dövlət prinsipləri bərqərar edildi.

 Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev tərəfindən bu məfkurənin təməl prinsipləri üzərində müasir çağırışlar fonunda inkişaf etdirilərək tarixi Zəfər və suverenlik çağırışlarına uyğun zənginləşdirildi. 2020-ci ilin qırx dörd günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə suverenliyin tam bərpası azərbaycançılıq məfkurəsini “məğlub xalq” sindromundan xilas edərək qalib dövlət və qürurlu xalq kimliyi müstəvisinə daşıdı.

 Bu gün ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin hüquqlarının qorunması, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” prinsipi ilə cəmiyyətin vahid dövlətçilik ideyası ətrafında sıx birləşməsi təmin olunur. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların Azərbaycan dövlətinin maraqları və milli məfkurə ətrafında sıx birləşməsi siyasəti davam etdirilir.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə, suverenliyin tam bərpası kənar təzyiqlərə baxmayaraq, azərbaycançılıq ideologiyasının xalqı vahid amal ətrafında səfərbər edə bilən real siyasi-hərbi güc olduğunu bir daha təsdiq etdi. Bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Milli qürur, Vətən müharibəsində qazanılan Zəfər və suverenliyin tam bərpası ilə azərbaycançılıq ideologiyası yeni mərhələdə daha da gücləndi.

Bütün bunlar bir daha təsdiq edir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan, Prezident İlham Əliyev tərəfindən  müasir çağırışlara uyğun inkişaf etdirilən, milli mənsubiyyətindən, dilindən, dinindən və sosial statusundan asılı olmayaraq ölkə vətəndaşlarını və dünya azərbaycanlılarını vahid milli məfkurə ətrafında birləşdiriən azərbaycançılıq ideologiyası bu gün də müstəqil Azərbaycan dövlətinin və cəmiyyətinin başlıca ideoloji təməlini təşkil edir.

Zahid Rza, “İki sahil”