01 noyabr 2026 19:19
108

Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb

Almaniyada hökumət əleyhinə etiraz aksiyalarında baş verən iğtişaşlarla əlaqədar 54 nəfər saxlanılıb.

“İki sahil”in "Bild"ə istinadən məlumatına görə, bu barədə Hessen federal ərazisinin daxili işlər naziri Roman Pozek bildirib.

Saxlanılanlar 13-29 yaşlarındadır.

Ölkənin 30-dan çox şəhərində keçirilən kütləvi nümayişlərdə 160 mindən çox insan iştirak edib. Aksiyalar əvvəlcə dinc xarakterli olub, sonra zorakılığa çevrilib, iştirakçılar avtomaşınları yandırıb və polisə pirotexniki vasitələr atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Frankfurtdakı iğtişaşlar xüsusilə şiddətli olub. Şəhərin mərkəzi, xüsusən məşhur "Sayl" ticarət küçəsi ətrafındakı ərazi viran qalıb. Şəhərə göndərilən 1 000 polis əməkdaşından 100-dən çoxu yaralanıb.

Pozek və Frankfurtun polis rəisi Ştefan Müllerin sözlərinə görə, "Sayl" ticarət küçəsi ərazisində təcili yardım xidməti işçilərinə qarşı geniş yayılmış məqsədyönlü hücumlar olub. Müller bildirib ki, polis əməkdaşları bəzən pusquya salınıb, qumbaraatanlar və "Molotov" kokteyli də daxil olmaqla silahlardan istifadə edilib. Polisin məlumatına görə, Frankfurtun mərkəzində 17 mağazaya ziyan dəyib, beşi isə talan edilib.

Nazirin sözlərinə görə, hakimiyyət orqanları cinayətkarların cəzalandırılmasını təmin etmək və Frankfurtda noyabrın 20-də planlaşdırılan başqa nümayişin qarşısını almaq üçün əlindən gələni edəcək.