02 noyabr 2026 10:57
151

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada işıqforları quraşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə NİİM-dən məlumat verilib.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən müvafiq işlərə başlamazdan əvvəl həm yerində müşahidələr aparılır, həm də simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunur. Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər nəticəsində müəyyənləşib ki, 1 saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir. Eyni zamanda, əksər hallarda bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən keçiddə qəza şəraiti yaranır.

Qeyd olunan piyada keçidində piyada bölməsi olan nəqliyyat işıqforları quraşdırılaraq istifadəyə verilib. Keçidin nizamlanan olması ilə piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

Bundan əlavə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində olan piyada keçidinin nizamlanan olması istiqamətində də işlər görülüb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində sözügedən küçədə piyada işıqforları quraşdırılaraq hərəkət işitrakçılarının istifadəsinə verilib.