02 noyabr 2026 13:00
143

Akademik İsmayıl Hacıyev Ankarada keçirilən 20-ci Türk Tarix Konqresində iştirak edib

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə bağlı Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Türk Tarix Qurumu tərəfindən təşkil edilən 20-ci Türk Tarix Konqresində iştirak edib. 

“İki sahil” xəbər verir ki,  32 ölkədən 296 alimin, o cümlədən Azərbaycandan 8 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində Türkiyə tarixindən bəhs edən sərgilər açılıb, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin Türk Dünyası Musiqiləri Topluluğu tərəfindən konsert proqramı təqdim olunub. 
Konqresdə akademik İsmayıl Hacıyev “Kəngərlilərin Azərbaycanın Naxçıvan bölgəsinin etnik, siyasi və hərbi tarixindəki rolu” mövzusunda çıxış edib. Qeyd edilib ki, Azərbaycan xalqının etnogenezinin ayrılmaz hissəsi olan kəngərlilər orta əsrlərdən etibarən  siyasi və hərbi proseslərin mərkəzində dayanıblar. Səfəvilər dövründə idarəçilikdə fəal olan, daha sonra Naxçıvanı xan və bəylər səviyyəsində idarə edən kəngərli sülaləsi XVIII əsrin ortalarından 1920-ci illərə qədər bölgədəki hakimiyyətini qoruyub saxlayıb. Çıxışda çar Rusiyası və sovet dövrlərində kəngərli süvarilərinin hərbi şücaətləri, nümayəndələrinin isə general rütbəsinə yüksələrək ölkə tarixinin hərbi salnaməsinə adlarını yazdıqları diqqətə çatdırılıb. 

Akademik İsmayıl Hacıyev həmçinin oktyabrın 29-da Atatürk salonunda keçirilən bölmə iclasının rəhbəri olub və konqresin bağlanış mərasimində çıxış edib. 

Konqres çərçivəsində Akademik İsmayıl Hacıyev Türk Tarix Qurumunun rəhbəri professor Haluk Selvi ilə görüşüb, ona “Naxçıvan – Şərqin əfsanəsi” və 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitabları hədiyyə edib. 

Məlumat üçün bildirək ki, 2022-ci ilin may ayında Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb və bu çərçivədə birgə elmi layihələr uğurla davam etdirilir.