04 noyabr 2026 01:22
112

Milli birliyimizin və dövlətçiliyimizin ideoloji təməli - Azərbaycançılıq

Hər bir xalqın tarixində onun milli kimliyini və gələcək inkişaf yolunu müəyyənləşdirən ideyalar xüsusi yer tutur. Bu ideyalar xalqı vahid məqsəd ətrafında birləşdirir, dövlətçilik ənənələrini möhkəmləndirir, vətənpərvərlik hissini gücləndirir. Azərbaycan xalqı üçün belə birləşdirici və istiqamətverici ideologiya azərbaycançılıq məfkurəsidir.

Bəri başdan qeyd edək ki, azərbaycançılıq yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də dövlətə sədaqətin, Vətənə bağlılığın, milli-mənəvi dəyərlərə ehtiramın təcəssümüdür. Onun mahiyyətində milli dövlətçilik, vətəndaşlıq, vətənpərvərlik, tarixi yaddaş, milli-mənəvi irs və müasir inkişaf prinsipləri dayanır.

Azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası səviyyəsinə yüksəldilməsi, Azərbaycan dövlətinin rəsmi ideologiyasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövrünün azərbaycançılıq – milli dövlətçilik ideologiyasını formalaşdırmış, sistemləşdirmiş, məfkurə, birlik səviyyəsində əsaslandırmış Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində milli birlik, həmrəylik və dövlətə bağlılıq prinsipləri müstəqil Azərbaycanın ideoloji əsaslarına çevrilib. Ümummilli Lider azərbaycançılığın mahiyyətini belə ifadə etmişdir: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Bu yanaşma azərbaycançılığın nə qədər geniş və əhatəli məfkurə olduğunu aydın göstərir. Çünki bu ideologiya bir tərəfdən xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi irsini qorumağı, digər tərəfdən isə müasir dünyanın inkişaf proseslərinə inteqrasiyanı nəzərdə tutur. Azərbaycançılıq milli köklərə bağlılıqla müasirliyi, milli özünəməxsusluqla ümumbəşəri dəyərləri uzlaşdırır.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi və ideoloji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi siyasət milli birliyin möhkəmləndirilməsinə, dövlət müstəqilliyinin qorunmasına, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə və milli maraqların etibarlı müdafiəsinə xidmət edir. Bu siyasətin nəticəsidir ki, azərbaycançılıq artıq yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən ümummilli ideologiyaya çevrilib.

Dünyada geosiyasi gərginliklərin, dini və etnik zəmində qarşıdurmaların, informasiya təhdidlərinin və ideoloji təsirlərin artdığı bir şəraitdə milli birliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın müstəqil dövlətçilik siyasəti, multikulturalizm ənənələri, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətləri nümunə kimi diqqət çəkir.

Prezident İlham Əliyev 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı milli ideyaların cəmiyyəti birləşdirən əsas amil olduğunu bir daha vurğulamışdır. Dövlətimizin başçısı azərbaycançılığın ölkəmizdə yaşayan bütün xalqları bir araya gətirdiyini qeyd edərək bildirmişdir ki, bu birlik müstəqillik tariximizin ən ağır sınaqları zamanı özünü aydın şəkildə göstərib: “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir”. Prezidentin fikrincə, multikulturalizm və dini-etnik tolerantlıq Azərbaycan cəmiyyəti üçün sonradan qəbul edilmiş siyasi konsepsiya deyil, xalqın əsrlər boyu yaşatdığı dəyərlər sistemidir. Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının bu il oktyabrın 2-də keçirilən VIII Qurultayında Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını müstəqil dövlətçiliyin əsas ideoloji dayaqlarından biri kimi dəyərləndirmişdir.

Həqiqətən də Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövründə, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətində nümayiş etdirilən həmrəylik azərbaycançılıq ideyasının gücünü bütün dünyaya göstərdi. Müxtəlif etnik və dini qruplara mənsub vətəndaşlarımız Vətənin müdafiəsi, ərazi bütövlüyümüzün bərpası və tarixi ədalətin təmin olunması naminə vahid amal ətrafında birləşdilər və Prezidentin sözləri ilə desək, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Yeri gəlmişkən qeyd edək ki, müstəqil dövlətimiz, Konstitusiyamız milli ideologiyaya çevrilmiş azərbaycançılığın əhatəsində hər bir xalqın, etnik qrupun hüquq və azadlıqlarını tam qoruyur.

Prezident İlham Əliyevin Forumdakı çıxışında ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, ideoloji risklər fiziki təhlükələr qədər ciddi ola bilər. Bu baxımdan milli özünəməxsusluğun, dövlətçiliyin, müstəqilliyin və həyat tərzimizin qorunması hər bir vətəndaşın borcudur. Çünki müstəqilliyin qorunması yalnız sərhədlərin müdafiəsi ilə məhdudlaşmır. Eyni zamanda, milli düşüncənin, tarixi yaddaşın, mənəvi dəyərlərin və dövlətə bağlılığın qorunmasını tələb edir.

Azərbaycançılıq, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı tarixi Vətənlə bağlayan mənəvi körpüdür. Bu baxımdan azərbaycançılıq coğrafi sərhədləri aşan, dünya azərbaycanlılarının birliyini və həmrəyliyini təmin edən ideoloji platformadır. Azərbaycançılığın mühüm xüsusiyyətlərindən biri də milli qürur və özünüdərk hissini gücləndirməsidir. Ulu Öndər Heydər Əliyevin məşhur “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu ideologiyanın mənəvi mahiyyətini dolğun şəkildə ifadə edir.

Bu gün Azərbaycan müstəqil, suveren və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran hədəflərə çatmaq, əldə olunmuş tarixi nailiyyətləri qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq üçün milli birlik və həmrəylik başlıca şərtlərdəndir. Bu birliyin ideoloji təməlində isə azərbaycançılıq dayanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”