05 noyabr 2026 13:49
304

Gənclərin emosional dayanıqlılığı niyə zəifləyir?

Psixoloq: İnformasiya bolluğu insan beyninə və mərkəzi sinir sisteminə ciddi təsir edən stress amillərindən birinə çevrilib

Dünyada əqli sağlamlıq və psixoloji rifah səviyyəsi aşağı düşür. Xüsusilə gənclər arasında müşahidə olunan bu tendensiya hətta iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə də özünü göstərir. Yeni araşdırmaya görə, gənclər həyat enerjisi, emosional sabitlik və çətinliklərə qarşı dözümlülük baxımından əvvəlki nəsillərlə müqayisədə daha zəif göstəricilərə malikdirlər. Bu nəticələr 92 ölkədən 50 mindən çox insanın iştirakı ilə aparılan beynəlxalq sorğuda əldə olunub. Tədqiqatın nəticələri “Social Indicators Research” elmi jurnalında dərc edilib.

Bəs, bu tendensiyanın əsas səbəbləri nələrdir? Müasir dövrdə sosial şəbəkələrin təsiri, informasiya bolluğu, gələcəklə bağlı qeyri-müəyyənlik və sosial təzyiqlər gənclərin psixoloji vəziyyətinə necə təsir göstərir? Psixoloji rifahın qorunması və gənclərin emosional dayanıqlılığının gücləndirilməsi üçün ailə, təhsil müəssisələri və cəmiyyət hansı addımları atmalıdır?

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, əvvəlki illərlə müqayisədə indiki gənclər arasında aqressiyanın artdığını müşahidə edirik: “Onlar nəinki valideynləri ilə münasibətlərdə çətinlik yaşayır, hətta təhsil aldıqları orta və ali məktəblərdə də aqressiv davranışlarla tez-tez qarşılaşırlar. Bunun əsas səbəblərindən biri müasir dövrdə stress amillərinin çoxalmasıdır. Stresin emosional, vegetativ və informativ formaları var. Xüsusilə informasiya qəbul edildiyi zaman onun yaratdığı gərginlik insan beyninə və mərkəzi sinir sisteminə ciddi təsir göstərir.

Bir nümunə çəkim. Hərbi xidmətdən yeni qayıdan bir gənc mənə deyirdi ki, əsgərlikdə olduğum müddətdə sosial şəbəkələrdən uzaq idim, heç nədən xəbərim yox idi. İndi isə hər gün sosial şəbəkələrə daxil oluram və gənclərin, insanların dünyasını dəyişməsi, yol-nəqliyyat hadisələri, müxtəlif faciələrlə bağlı xəbərlərlə qarşılaşıram. Bu məlumatlar məndə təşviş və həyəcan yaradır. Nəticədə ölüm qorxusu ilə bağlı narahatlıqlarım artıb və bu səbəbdən psixoloji dəstəyə ehtiyac duymuşam.

Həmin gənc hərbi xidmətdə sürücü işləsə də, qayıtdıqdan sonra avtomobil idarə etməkdə çətinlik çəkdiyini bildirirdi. Çünki hər dəfə sosial şəbəkələrdə avtoqəzalar, gənc insanların ölümü ilə bağlı xəbərlərlə qarşılaşırdı. Bu cür məlumatlar onda avtomobil idarə etməklə bağlı qorxu yaradıb. Belə halların təkcə bir gəncdə deyil, bir neçə insanda müşahidə olunması informasiyanın psixoloji vəziyyətə təsirinin nə qədər ciddi olduğunu göstərir”.

Hər xəbər insan psixologiyasında iz buraxır

A.Ələkbərova qeyd etdi ki, ümumiyyətlə, bu gün psixoloqa müraciət edən insanların problemlərinin kökündə çox vaxt sosial şəbəkələrin təsiri, informasiya bolluğu və gələcəklə bağlı qeyri-müəyyənlik dayanır: “İnsanlar aldıqları məlumatları düzgün qiymətləndirməkdə, onları təhlil edib öz həyatlarında hansı əhəmiyyət daşıdığını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Əvvəllər müəyyən psixoloji gərginliklər daha çox yaz və payız aylarında müşahidə olunurdusa, indi ilin bütün fəsillərində, hətta gündəlik həyatda bu hallarla qarşılaşırıq.

Psixoloji rifahın qorunması və gənclərin emosional dayanıqlılığının gücləndirilməsi üçün ilk növbədə informasiya ilə düzgün davranmağı öyrənmək lazımdır. İnsan qəbul etdiyi məlumatı təhlil etməli, onun nə dərəcədə əhəmiyyətli olduğunu müəyyənləşdirməli və hər bir xəbərin yaratdığı emosional təsirə qapılmamalıdır.

Bu gün cəmiyyətin qarşılaşdığı problemlərdən biri də psixoloji dəstəyə ehtiyacın artmasıdır. Artıq müasir dövrü antidepresantlar əsri kimi xarakterizə edirlər. Əvvəllər hər beş nəfərdən biri antidepresantlardan istifadə edir və ya psixoloqa, psixiatra müraciət edirdisə, indi bu göstəricinin bir neçə dəfə artdığını müşahidə edirik. Bu baxımdan ölkədə psixiatrların sayının artırılmasına da ehtiyac var. Hazırda bir çoxları həkimlik sahəsində estetik cərrahiyyəyə üstünlük verir. Halbuki nevrologiya, psixologiya və psixiatriya sahələri də cəmiyyətin ciddi diqqətinə ehtiyac duyur. Bu sahələrdən gələn çağırışlara vaxtında reaksiya verməli, xüsusilə gənclərə lazımi dəstəyi göstərməliyik.

Əks halda, gələcəkdə aqressiyadan, emosional pozuntulardan və ağır psixoloji yüklənmədən əziyyət çəkən gənclərin problemləri daha da dərinləşə bilər. Bu vəziyyət ailə münasibətlərinə, ailə qurmağa, hətta gələcəkdə valideyn olmağa da təsirsiz ötüşmür. Hamiləlik və doğuş dövründə müxtəlif problemlərin yaranması baxımından da psixoloji vəziyyətin əhəmiyyətini nəzərə almalıyıq.

Bu səbəbdən ailə qurmazdan əvvəl cütlüklərin psixoloji vəziyyətinə diqqət yetirilməsini vacib hesab edirəm. Gələcəkdə məişət və psixoloji zorakılığın qarşısının alınması üçün cütlüklərin psixoloji hazırlığına xüsusi önəm verilməlidir. Çünki psixoloji zorakılıq zamanla fiziki zorakılığa da çevrilə bilər. Hətta fiziki müdaxilə olmadan, davamlı psixoloji təzyiq insanı suisidə qədər apara bilər. Bu isə hər iki tərəfin həyatına və gələcəyinə ağır təsir göstərir”.

Psixoloji gərginlik ailə münasibətlərinə də təsirsiz ötüşmür

Psixoloq vurğuladı ki, beynəlxalq araşdırmalarda gənclərin psixoloji vəziyyətinin və emosional dayanıqlılığının əvvəlki nəsillərlə müqayisədə zəifləməsi də ciddi siqnaldır: “Bu məsələyə daha həssas yanaşmalıyıq. Məsələn, bu gün müxtəlif şəxslərin insanların doğum xəritəsini hesablaması və həmin xəritəyə əsasən onların həyat istiqamətini müəyyənləşdirməsi halları ilə qarşılaşırıq. Belə yanaşmalar bəzən insanda plasebo effekti, yəni müəyyən inam yaradır. Həmin inamın təsiri altında olan gənc bir müddət sonra ailəsindən belə uzaqlaşa, valideynlərini onu düzgün yetişdirməməkdə günahlandıra bilər. Doğum tarixi və digər bu kimi amillərin ailə münasibətlərində münaqişə predmetinə çevrilməsi aqressiyanın yaranmasına və ailədaxili xaosa səbəb ola bilər.

Ona görə də insanın psixologiyasına, ruhuna və beyninə təsir edən amillərlə bağlı çox diqqətli olmalıyıq. Bəzən ağzımızdan çıxan bir söz belə onsuz da qeyri-müəyyənlik yaşayan insanın psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər. Belə şəraitdə gənclərdən sakitlik və emosional tarazlıq gözləmək çətindir”.

Emosional tarazlığın bərpasında psixoloji dəstəyin rolu

A.Ələkbərovanın sözlərinə görə, psixoloqa müraciət edən insana yanaşmanı bir növ naviqasiya proqramına bənzətmək olar. Necə ki, taksi ilə hərəkət edərkən naviqasiya bizi tıxac olmayan, düzgün istiqamətə yönəldir, psixoloq da pasiyentin psixoloji xəritəsini düzgün müəyyənləşdirməli, onun emosiyalarını idarə etməsinə və yaşadığı qeyri-müəyyənlikdən çıxış yolu tapmasına kömək etməlidir.

Nigar Orucova, “İki sahil”