05 noyabr 2026 16:30
185

Hüquqi prosedurlardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri nəticə vermədi

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Əli Kərimlinin Azərbaycan Respublikasına qarşı müraciəti əsasında tələb edilən müvəqqəti təminat tədbirlərini tətbiq etməməsi hüquqi proseslərin siyasi müstəviyə daşınması cəhdləri kontekstində diqqətəlayiq hadisədir. Bu qərar bir daha göstərir ki, beynəlxalq hüquq institutlarına müraciət etmək hüququ heç kimə hüquqi prosedurları siyasiləşdirmək, istintaq prosesinə təsir göstərmək və ya daxili hüquqi mexanizmləri qabaqlamaq imtiyazı vermir.

Məsələnin mahiyyətinə diqqət yetirdikdə görürük ki, Əli Kərimli və bir sıra şəxslərlə bağlı aparılan araşdırma sıradan hüquqi mübahisə çərçivəsində deyil, dövlətin konstitusiya quruluşuna və milli təhlükəsizlik maraqlarına toxunan ciddi iddialar fonunda həyata keçirilir. Ramiz Mehdiyev və digərləri ilə birlikdə Əli Kərimli də Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlərdə şübhəli bilinir. Bu kimi ittihamlar, şübhəsiz ki, hərtərəfli, obyektiv və qanunun tələblərinə uyğun araşdırılmalıdır. Lakin diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, belə həssas istintaq prosesi davam etdiyi halda, məsələni beynəlxalq müstəviyə daşımaq, saxlanma şəraiti və hüquqların pozulması ilə bağlı iddialar üzərindən müəyyən siyasi və ictimai rəy formalaşdırmaq cəhdləri müşahidə olunur. İnsan hüquqlarının müdafiəsi legitim və fundamental hüquqdur. Ancaq bu hüquqdan istifadə adı altında istintaqın gedişinə təsir göstərmək, araşdırmanın mahiyyətini kölgədə qoymaq və hüquq-mühafizə orqanlarının fəaliyyətini əvvəlcədən şübhə altına almaq cəhdləri də qəbuledilməzdir. Xüsusilə qeyd edilməlidir ki, istintaq prosesinin davam etdiyi mərhələdə müxtəlif siyasi bəyanatlar, beynəlxalq müraciətlər və birtərəfli informasiya kampaniyaları vasitəsilə ictimai rəyin müəyyən istiqamətə yönəldilməsi cəhdləri hüquqi prosesə dolayı müdaxilə təsiri yarada bilər. Belə yanaşmaların istintaqın obyektivliyinə, sübutların qiymətləndirilməsinə və gələcəkdə məhkəmənin müstəqil qərar qəbul etməsinə maneə yaratmaq potensialı nəzərə alınmalıdır. Heç bir siyasi status, partiya rəhbərliyi və ya beynəlxalq əlaqələr şəxsi hüquqi məsuliyyətdən üstün deyil. Eyni zamanda, heç bir şəxs yalnız siyasi mövqeyinə və ya ictimai fəaliyyətinə görə təqsirli hesab edilə bilməz. Hüquqi dövlətin əsas prinsipi də məhz budur: hər kəs qanun qarşısında bərabərdir, təqsirlilik isə yalnız qanuni məhkəmə araşdırması nəticəsində müəyyən edilir.

Əli Kərimlinin Avropa Məhkəməsinə müraciəti ilə bağlı qərar bu baxımdan müəyyən siyasi və hüquqi mesaj daşıyır. Məhkəmənin Azərbaycan Respublikasına qarşı tələb olunan müvəqqəti təminat tədbirlərini tətbiq etməməsi ərizəçinin bu mərhələdə irəli sürdüyü tələblərin təmin olunmadığını göstərir. Bu qərarı işin mahiyyəti üzrə yekun hüquqi qiymət kimi təqdim etmək düzgün olmazdı. Bununla belə, müraciətin gözlənilən nəticəni verməməsi həmin proses ətrafında formalaşdırılmağa çalışılan siyasi narrativlərin də hüquqi baxımdan avtomatik təsdiqini istisna edir. Burada daha geniş bir məsələyə də diqqət yetirmək lazımdır. Beynəlxalq hüquq institutları siyasi mübarizənin davam etdirilməsi, daxili siyasi proseslərə təsir göstərilməsi və ya istintaq orqanlarına ictimai təzyiq yaradılması üçün vasitəyə çevrilməməlidir. Avropa Məhkəməsi ilk növbədə hüquqların müdafiəsi və hüquqi standartların təmin olunması məqsədinə xidmət edir. Bu institutun nüfuzundan siyasi məqsədlər naminə istifadə etmək cəhdləri isə həm beynəlxalq hüququn ruhuna, həm də hüquqi məsuliyyət prinsipinə ziddir. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və konstitusiya quruluşunun qorunması müzakirə mövzusu ola bilməz. Dövlətin təhlükəsizliyinə və konstitusion əsaslarına qarşı yönələn hər hansı qanunsuz fəaliyyət barədə məlumatlar siyasi mənsubiyyətindən asılı olmayaraq araşdırılmalıdır. Eyni zamanda, bu araşdırmaların şəffaflığı, qanuniliyi, müdafiə hüququnun təmin edilməsi və məhkəmə nəzarəti də dövlətin hüquqi öhdəliklərinin ayrılmaz hissəsidir. Bu gün cəmiyyətin gözləntisi siyasi bəyanatların və informasiya manipulyasiyalarının deyil, faktların, sübutların və hüquqi qiymətləndirmənin əsas götürülməsidir. Kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdeh olmalı, heç kim isə hüquqi məsuliyyətdən yayınmaq üçün siyasi statusundan və beynəlxalq platformalardan sipər kimi istifadə etməməlidir. Ən vacib məqam budur: dövlətçilik və hüquqi dövlət prinsipləri bir-birinə qarşı qoyula bilməz. Əksinə, güclü dövlətin əsas dayağı məhz qanunun aliliyi, müstəqil məhkəmə sistemi və hər bir hüquqi iddianın obyektiv araşdırılmasıdır. Azərbaycan cəmiyyətinin gözləntisi də bu prinsiplərin ardıcıl şəkildə təmin olunmasıdır.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı