Müstəqil Azərbaycan dövlətinin suverenliyini, xalqımızın milli kimliyini, azadlıq məfkurəsini və əsrlər boyu yaşatdığı dövlətçilik ənənələrini özündə ehtiva edən ən müqəddəs atributumuz məhz üçrəngli dövlət bayrağımızdır. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Hər il ölkəmizdə böyük qürur və coşğu ilə qeyd olunan 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın öz tarixinə, milli dəyərlərinə və gələcəyinə olan sadiqliyinin nümayişidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağımızın şanlı tarixi birbaşa Cümhuriyyət dövrü ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilən bu bayraq ilk dəfə Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Dövlət bayrağımızın təməlində dayanan rənglər XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın prinsiplərini əks etdirir. Görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadənin müəllifi olduğu “Türkçülük, müasirlik və islamçılıq” düsturunu özündə birləşdirən üçrəngli bayrağımız azadlıq ideallarına sadiqliyimizi bütün dünyaya bəyan edir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının rəsmi şəkildə yenidən ucaldılması Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmişdir. 1990-cı il noyabrın 17-də hələ Sovet hakimiyyətinin və Kommunist Partiyasının mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvanın adından “Sovet Sosialist” sözləri çıxarılmış və 1918-ci il Cümhuriyyət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qaldırdığı vəsatət əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən respublikanın Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərini, o cümlədən bayrağımızı qəti olaraq bərpa etdi.
Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə... o, bu bayraq altında birləşməlidir.” Həmçinin Ümummilli Lider hər bir ailədə dövlət bayrağına itaət edilməsini, onun hər bir vətəndaşın həyatının əziz hissəsinə çevrilməsinin vacibliyini hər zaman vurğulamışdır.
Dövlət Bayrağımızın fiziki təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə dəqiq tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərimizə – bayrağa, gerbə və himnə hörmət etməyə borcludur. Bu rəmzlərə hörmətsizlik qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Eyni zamanda, 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun bu sahədəki hüquqi bazanı tam şəkildə tənzimləyir. Ölkəmizdə təsis edilmiş ali təltiflərdən biri olan və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin təsdiqlədiyi “Azərbaycan Bayrağı” ordeni də məhz Vətənə və dövlətə sədaqətin ali simvoludur.
Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakı şəhərində yaradılan Dövlət Bayrağı Meydanı ölkəmizdə dövlət rəmzlərinə verilən misilsiz qiymətin təzahürüdür. Meydanda yaradılan və 2024-cü ilin noyabrında yenidən qapılarını açan Dövlət Bayrağı Muzeyi müasir tərtibatı ilə diqqət çəkir.
Təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayan muzeydə Azərbaycanın qədim və orta əsrlər dövlətçilik tarixinə, xanlıqlara, Cümhuriyyət və SSRİ dövrlərinə aid eksponatlar nümayiş olunur. Muzeyin tərkibindəki “Zəfər qalereyası” isə 44 günlük Vətən müharibəsinə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda bayrağımızın ucaldılmasına və Xankəndi şəhərində keçirilən hərbi parada həsr olunmuşdur.
Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Bayraq Meydanının açılışında səsləndirdiyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” fikri bu gün tarixi reallığa çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad olunan hər bir qarış torpağımızda – Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımızın ucaldılması xalqımızın qürur mənbəyidir. Dövlət başçımızın qeyd etdiyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.”
Milli həmrəyliyimizin və “azərbaycançılıq” məfkurəsinin əsas daşı olan şanlı bayrağımız bundan sonra da müstəqil Azərbaycanın üzərində əbədi dalğalanacaq, gələcək nəsillərə inam və qürur bəxş edəcəkdir!
Anar Məmmədov,
Milli Məclisin deputatı