05 noyabr 2026 20:37
149

“ASAN xidmət”in və BMT-nin Bakıda beynəlxalq sammiti başlayıb

Bakıda “Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı tədbir keçirilir. 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan Sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur. Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.

Öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sammit iştirakçılarına müraciəti ünvanlanıb. Müraciəti Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua Azərbaycanın bu sahədə təcrübəsi, xüsusilə “ASAN xidmət” modelinin dövlət xidmətlərinin səmərəliliyinin, əlçatanlığının və vətəndaş məmnunluğunun artırılmasında rolunu diqqətə çatdırıb. Həmçinin qabaqcıl təcrübələrin beynəlxalq səviyyədə paylaşılması, Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, eləcə də beynəlxalq tərəfdaşlığın dövlət idarəçiliyində innovasiyaların təşviqinə verdiyi töhfə qeyd olunub.

Ardınca Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycan Respublikasına “ASAN xidmət” modelinin innovativ dövlət xidmətlərinin göstərilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədinə nail olunmasına verdiyi töhfələrə görə xüsusi sertifikat təqdim olunub.

Həmçinin “ASAN xidmət”in fəaliyyətinə dair videoçarx təqdim olunub.

Sessiyanın moderatoru “Human Future” şirkətinin təsisçisi Conatan Reyçentaldır.

Qeyd edək ki, iki gün davam etməsi nəzərdə tutulan Sammitin birinci günündə əsas diqqət sürətli texnoloji, sosial və ekoloji dəyişikliklər fonunda idarəetmənin gələcəyinin formalaşdırılmasına, dövlət institutlarının transformasiyasına, innovativ yanaşmaların və süni intellektin dövlət idarəçiliyində tətbiqinə yönəlib. Müzakirələrdə transformativ liderlik, dövlət xidmətlərinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və uğurlu təcrübələrin mübadiləsi vasitəsilə dayanıqlı inkişafın təşviqi məsələləri əhatə olunur.

“Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas yanaşmalar” adlı birinci sessiyada dəyişən dünyada çevik, qabaqlayıcı və yeni çağırışlara operativ cavab verən dövlət institutlarının formalaşdırılması müzakirə olunub. Süni intellekt, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər və cəmiyyətdə baş verən sürətli transformasiyalar fonunda idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və dayanıqlı inkişafın təmin olunması istiqamətində əsas yanaşmalar və təcrübələr diqqətə çatdırılıb.

Sessiyada BMT Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın (ESCWA) icraçı katibi Raniya Əl-Məşat, Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatimə Xavaca, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin bölmə rəhbəri Adriana Alberti, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) sədri Rolf Alter çıxış ediblər.

Çıxışlarda dövlət institutlarının gələcəyə uyğun transformasiyası, dayanıqlı inkişafın təmin olunması və müasir çağırışlara çevik cavab verən idarəetmə sistemlərinin formalaşdırılması məsələləri vurğulanıb. O cümlədən strateji planlaşdırma, institusional potensialın gücləndirilməsi, innovasiya və süni intellektin dövlət xidmətlərində tətbiqi, eləcə də bu texnologiyalardan məsuliyyətli istifadə imkanlarına diqqət yetirilib. Bu çərçivədə dövlət xidmətlərinin daha səmərəli, əlçatan və vətəndaşyönümlü təşkili, ictimai etimadın artırılması və inklüzivliyin təmin edilməsi yolları nəzərdən keçirilib.

Çıxışların ardından xatirə şəkli çəkdirilib.

İnteraktiv sorğu vasitəsilə iştirakçılar Sammitin müəyyən etdiyi səkkiz idarəetmə çağırışından ən aktual olanlarını seçərək onların həlli qarşısındakı əsas maneələri müəyyənləşdiriblər. Sorğunun nəticələri dövlət xidmətləri sahəsində ortaq prioritetlərin müəyyənləşdirilməsinə, sonrakı müzakirələrin istiqamətləndirilməsinə və idarəetmə innovasiyaları üzrə praktiki, birgə həllərin hazırlanmasına töhfə verəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”