06 noyabr 2026 10:14
89

8 Noyabr – Şuşa Şəhəri Günü: Zəfərin zirvəsi, milli qürurun və dövlətçilik iradəsinin təntənəsi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşın, tarixi ədalətin və xalqın yenilməz iradəsinin təcəssümü kimi əbədi yaşayır. 8 Noyabr – Şuşa Şəhəri Günü məhz belə möhtəşəm tarixlərdəndir. Bu gün Azərbaycan xalqının qürur, iftixar və sonsuz sevinc mənbəyi, milli birliyimizin və dövlətimizin qüdrətinin parlaq rəmzidir. Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni bir səhifəsi yazıldı, xalqımızın torpaq, Vətən və dövlətçilik uğrunda mübarizəsinin ən möhtəşəm nəticələrindən biri əldə olundu.

2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırarkən səsləndirdiyi tarixi ifadələr hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu sözlər təkcə hərbi Qələbənin müjdəsi deyildi. Bu, tarixi ədalətin bərpasının, milli iradənin təntənəsinin, xalqın öz doğma torpaqlarına qayıdışının və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin məntiqi nəticəsinin ifadəsi idi.

Şuşa Zəfərini anlamaq üçün, ilk növbədə, müasir Azərbaycan dövlətçiliyinin təməllərinə və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyaya nəzər salmaq lazımdır. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı məhz Ulu Öndərin uzaqgörən siyasəti, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan siyasi kursu ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının milli ruhunun qorunmasını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini, iqtisadi potensialın artırılmasını və güclü ordunun formalaşdırılmasını dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən etmişdi. Onun siyasi irsi, yaratdığı möhkəm dövlətçilik təməlləri və müəyyənləşdirdiyi inkişaf strategiyası sonrakı tarixi Qələbələrimizin əldə olunmasında müstəsna rol oynadı.

Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı regionun güclü dövlətlərindən birinə çevirdi. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə sənayesinin inkişafı, ordunun müasirləşdirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi Qarabağ Zəfərinin əsas siyasi, iqtisadi və hərbi dayaqlarını formalaşdırdı. Beləliklə, illərlə aparılan məqsədyönlü dövlət siyasəti 2020-ci ildə tarixi nəticə ilə tamamlandı.

Şuşanın azadlığına aparan yol asan olmadı. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan xalqı tarixi torpaqlarımızın azad olunacağına inamını itirmədi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz dağıdıldı, milli-mədəni irsimizə qarşı vandalizm aktları törədildi. Şuşa da bu vandalizmin qurbanına çevrildi. Lakin düşmən xalqımızın tarixi yaddaşını, milli ruhunu və doğma torpaqlara bağlılığını məhv edə bilmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında əldə olunan ardıcıl qələbələr Azərbaycanın hərbi-siyasi üstünlüyünü təmin etdi. Bu müharibənin ən mürəkkəb və həlledici mərhələsi isə Şuşa uğrunda aparılan döyüşlər oldu. Dəniz səviyyəsindən yüksəkdə yerləşən, sıldırım qayalarla əhatələnən, mürəkkəb relyefə malik Şuşanın azad edilməsi xüsusi hərbi hazırlıq, misilsiz cəsarət və qəhrəmanlıq tələb edirdi.

Azərbaycan hərbçiləri mürəkkəb dağ-meşə şəraitində, ağır hava və relyef çətinliklərinə baxmayaraq, böyük peşəkarlıq və fədakarlıq göstərərək Şuşanı düşmən işğalından azad etdilər. Bu əməliyyat hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Şuşa əməliyyatı Vətən müharibəsinin taleyini həll edən, Ermənistanın hərbi-siyasi müqavimətini sarsıdan və kapitulyasiya sənədinin imzalanmasını şərtləndirən əsas amillərdən biri oldu. Şuşanın azad edilməsi ilə Azərbaycanın tarixi Zəfəri özünün ən yüksək zirvəsinə çatdı.

Prezident İlham Əliyevin Qələbədən sonra səsləndirdiyi bu fikirlər isə tarixi hadisənin mənəvi və siyasi mahiyyətini ifadə edir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bu sözlərdə bir dövlət rəhbərinin tarixi məsuliyyəti, ata vəsiyyətinə sədaqəti, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramı və bütöv bir xalqın arzusunun reallaşmasının yaratdığı mənəvi qürur öz əksini tapır. Şuşanın azad olunması həm də Azərbaycan xalqının milli iradəsinin heç bir qüvvə tərəfindən sarsıdıla bilməyəcəyinin təsdiqi oldu.

Şuşa tarixən Azərbaycanın siyasi, ictimai və mədəni həyatında müstəsna mövqeyə malik olub. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər qısa müddətdə mühüm siyasi və iqtisadi mərkəzə çevrilib. Şuşa Azərbaycan musiqisinin, poeziyasının, ədəbiyyatının, memarlığının və incəsənətinin inkişafına misilsiz töhfələr verib. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Bülbül, Üzeyir Hacıbəyli, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu kimi görkəmli şəxsiyyətlərin adı bu şəhərin şöhrətini ölkə hüdudlarından kənara çıxarıb. Şuşa muğamın, poeziyanın, sənətkarlığın və milli-mənəvi dəyərlərimizin beşiyi kimi Azərbaycan mədəniyyətinin qızıl səhifələrini yaradıb.

İşğaldan azad edildikdən sonra Şuşanın bərpası və dirçəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin şəhərə çoxsaylı səfərləri, aparılan bərpa və quruculuq işlərinə şəxsən nəzarət etməsi Şuşanın gələcək inkişafına verilən xüsusi əhəmiyyətin göstəricisidir. 2021-ci il martın 20-də Cıdır düzündə Novruz tonqalının alovlandırılması isə xalqımızın öz doğma torpağına qayıdışının, milli ənənələrimizin yenidən yaşadılmasının və Şuşada həyatın bərpasının rəmzinə çevrildi.

2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin Şuşaya səfəri çərçivəsində bir sıra mühüm tarixi və mədəni tədbirlər həyata keçirildi. “Qarabağ” hotelinin yenidənqurmadan sonra açılması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin açılışı, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılması, onun ev-muzeyində bərpa işləri ilə tanışlıq şəhərin mədəni həyatının dirçəldilməsi istiqamətində mühüm addımlar oldu. Eyni zamanda, Şuşanın Baş planının təqdim edilməsi, birinci yaşayış məhəlləsinin və Hotel və Konfrans Mərkəzinin təməlinin qoyulması şəhərin gələcək inkişafının fundamental əsaslarını müəyyənləşdirdi.

Şuşanın bərpası yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil, həm də milli-mədəni irsimizin qorunması, tarixi yaddaşımızın bərpası və gələcək nəsillərə ötürülməsi deməkdir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Tarixi məscidlərin, memarlıq abidələrinin, muzeylərin və görkəmli şəxsiyyətlərimizin ev-muzeylərinin bərpası Şuşanın əsrlər boyu formalaşmış mədəni simasının yenidən özünə qaytarılmasına xidmət edir.

2024-cü il martın 12-də Azərbaycan və Qazaxıstan prezidentlərinin Şuşaya səfəri şəhərin beynəlxalq siyasi və diplomatik əhəmiyyətinin daha bir nümayişi oldu. Həmin il mayın 10–11-də Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyuldu, Çöl Qala və Aşağı Gövhər Ağa məscidlərində, Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işləri ilə tanışlıq keçirildi, Şirin su hamamı bərpadan sonra istifadəyə verildi, Mamayı məscidinin açılışı oldu. Birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş Böyük Qayıdışın real nəticələrinin təcəssümünə çevrildi.

Eyni səfər çərçivəsində Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı keçirildi. Bu tədbirlər Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə türk və İslam dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi mövqeyini gücləndirdi. Şuşanın beynəlxalq miqyasda tanıdılması, müxtəlif ölkələrdən olan sənət adamlarının və qonaqların burada bir araya gəlməsi şəhərin tarixi missiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

2024-cü il mayın 17-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Şuşaya səfəri də mühüm siyasi hadisə kimi yadda qaldı. Prezidentlər şəhərdə aparılan quruculuq işləri, “Heydər Əliyev və Qarabağ” sərgisi, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış oldular. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş heykəllərinin nümayiş etdirilməsi isə erməni vandalizminin miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.

2025-ci il mayın 9-da Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı Daşaltı kənd məscidinin və Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı, eləcə də dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. Bu addımlar şəhərdə sosial infrastrukturun yaradılması, əhalinin sağlamlığının qorunması, yaşayış imkanlarının genişləndirilməsi və Şuşanın dayanıqlı inkişafı istiqamətində görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir.

2026-cı il iyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşaya səfəri şəhərin beynəlxalq münasibətlər sistemində artan rolunun daha bir təsdiqi oldu. Dövlət başçıları Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, yaşayış kompleksi, məscidin tikintisi, Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Yaradıcılıq Mərkəzindəki “Heydər Əliyev və Qarabağ” sərgisi, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış oldular. Bu səfər Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını və Şuşanın diplomatik görüşlər üçün mühüm məkana çevrildiyini nümayiş etdirdi.

2026-cı il iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılışının keçirilməsi isə şəhərin beynəlxalq informasiya və kommunikasiya məkanındakı mövqeyini bir daha gücləndirdi. Müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin, ekspertlərin və mütəxəssislərin iştirakı ilə keçirilən bu forum Şuşanın artıq yalnız tarixi-mədəni mərkəz deyil, həm də qlobal əhəmiyyətli müzakirə platforması olduğunu təsdiqləyir.

Şuşanın gələcək inkişafı da sistemli və uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan onun tarixi simasının qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, infrastrukturun yenilənməsi, turizm potensialının genişləndirilməsi və ekoloji tarazlığın təmin edilməsi baxımından mühüm strateji sənəddir. Burada əsas məqsəd Şuşanı öz tarixi-memarlıq görkəmini qoruyan, müasir yaşayış və sosial infrastrukturla təmin olunan, eyni zamanda, milli-mədəni dəyərlərimizi yaşadan nümunəvi şəhərə çevirməkdir.

Şuşanın turizm potensialının inkişafı da xüsusi diqqət mərkəzindədir. İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması şəhərin beynəlxalq turizm məkanında tanıdılması üçün yeni imkanlar açır. Tarixi abidələr, muzeylər, məscidlər, təbii gözəlliklər, Cıdır düzü, İsa bulağı və zəngin mədəni irs Şuşanı yerli və xarici turistlər üçün cəlbedici məkana çevirir. Bu potensialdan səmərəli istifadə edilməsi həm regionun iqtisadi inkişafına, həm də Azərbaycanın beynəlxalq mədəni nüfuzunun yüksəlməsinə xidmət edir.

Bu gün Şuşada aparılan işlərin ən mühüm nəticələrindən biri Böyük Qayıdış prosesinin real məzmun qazanmasıdır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin öz evlərinə qayıtması, yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, sosial və kommunal infrastrukturun qurulması Şuşanın yenidən canlanmasını təmin edir. Şəhərin küçələrində həyatın bərpası, uşaqların gülüşü, mədəni tədbirlərin keçirilməsi və yeni quruculuq layihələrinin həyata keçirilməsi xalqımızın tarixi arzusunun gerçəkləşməsinin canlı mənzərəsidir.

Şuşanın azadlığı Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və hər bir azərbaycanlının Vətən sevgisi ilə qazanılıb. Ona görə də Şuşa hər birimiz üçün sadəcə bir şəhər deyil, milli qürurumuzun, müstəqilliyimizin, suverenliyimizin və tarixi ədalətin rəmzidir.

8 Noyabr – Şuşa Şəhəri Günü bizə bir daha xatırladır ki, güclü dövlət, milli birlik və qətiyyətli liderlik qarşıya qoyulan ən mürəkkəb tarixi vəzifələrin belə reallaşdırılmasını təmin edə bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı tarixi Zəfərə, suverenliyimizin tam bərpasına və Böyük Qayıdış mərhələsinə gətirib çıxarıb.

Şuşa bu gün azaddır, dirçəlir və gələcəyə inamla addımlayır. Onun hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir daşı Azərbaycan xalqının əzmini və yenilməzliyini ifadə edir. Şuşanın yenidən qurulması həm də Azərbaycanın gələcək nəsillərə ötürdüyü ən böyük mənəvi miraslardan biridir. Bu şəhər daim milli yaddaşımızın, mədəniyyətimizin və dövlətçilik tariximizin zirvəsi olaraq qalacaq.

Şuşanın azadlığı ilə başlanan yeni tariximiz bundan sonra da inkişaf, quruculuq və qələbələr tarixi olacaq. Çünki Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri