06 noyabr 2026 14:17
259

Kamran Bayramov: Şuşa Şəhəri Günü Zəfərimizin parlaq rəmzidir

Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr tarixi yalnız ərazi bütövlüyümüzün təmin olunduğu gün deyil, həm də milli ləyaqətimizin, sarsılmaz iradəmizin və qürurumuzun təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü ildə müvafiq Sərəncamı ilə 8 noyabrın həm də “Şuşa şəhəri günü” kimi təsis edilməsi bu tarixi Zəfərə göstərilən ali ehtiramin, eyni zamanda xalqımızın mədəni kimliyinə və mənəvi dəyərlərinə verilən yüksək qiymətin təzahürüdür. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” - Müzəffər Ali Baş Komandanın 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqımıza ünvanladığı bu tarixi bəyanat hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyatdı. 30 ilə yaxın davam edən həsrətə son qoyan Şuşanın azadlığı ilə Azərbaycanın suverenliyi bərpa olundu, regionda ədalət və beynəlxalq hüquq yenidən bərqərar edildi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Qarabağ Zəfərinin zirvəsi sayılan Şuşa əməliyyatı dünya hərb tarixinə unikal nümunə kimi düşdü. Azərbaycanın qəhrəman övladları keçilməz sıldırım qayaları, sıx meşələri adlayaraq, əlbəyaxa döyüşlərdə misilsiz igidlik göstərərək Şuşanı düşmən tapdağından xilas etdilər. Bu əməliyyat yalnız yüksək hərbi professionallığın deyil, həm də xalq-ordu birliyinin sarsılmaz gücünün sübutu idi. Dövlət başçısının “Şuşasız bizim işimiz yarımçıq qalardı” fikri şəhərin strateji əhəmiyyətini göstərməklə yanaşı, mənəvi borcun – Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Şuşanın azad olunması ilə Ermənistanın işğalçılıq siyasəti darmadağın edildi və Cənubi Qafqazda yeni siyasi reallıqlar yarandı.
Deputat diqqətə çatdırıb ki, Zəfərdən dərhal sonra Şuşada genişmiqyaslı bərpa və yenidenqurma işlərinə start verildi. Keçilməz cığırlardan salınaraq qısa müddətdə istifadəyə verilən “Zəfər Yolu” həm hərbi qələbəmizin, həm də sürətli quruculuğun rəmzinə çevrildi. Paralel olaraq müasir infrastrukturlar, yollar, xəstəxanalar, məktəblər və otellər inşa edildi. Prezident tərəfindən təsdiqlənən “Şuşa şəhərinin 2040-cı ilədək Baş planı” isə şəhərin tarixi memarlıq üslubu ilə modern şəhərsalma prinsiplərinin harmoniyasını təmin edən strateji yol xəritəsidir. Şuşanın dirçəlişi onun zəngin mədəni irsinin bərpası ilə paralel aparılır. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilərin ocağı olan bu şəhər 2021-ci ildə Azərbaycanın “Mədəniyyət paytaxtı” elan olundu. Çox keçmədən Şuşa beynəlxalq miqyasda da tanınaraq 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” və 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi müəyyənləşdi. Bu unikal titullar Şuşanın qlobal mədəniyyət mərkəzinə çevrildiyini aydın göstərir. Eyni zamanda Şuşa mühüm diplomatik və siyasi qərarların qəbul edildiyi məkandır. 2021-ci il iyunun 15-də imzalanan tarixi “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə müttəfiqliyini ən yüksək zirvəyə qaldıraraq regional təhlükəsizliyin əsas zəmanəti oldu. Bu gün Şuşa Türk Dövlətləri Təşkilatının, İSESKO və TÜRKSOY-un yüksək səviyyəli tədbirlərinə, eləcə də Qlobal Media Forumuna ev sahibliyi etməklə beynəlxalq dialoq platformasına çevrilmişdir.
K.Bayramov əlavə edib ki, mədəni-tarixi irsin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusilə təqdirəlayiqdir. Molla Pənah Vaqifin muzey-məqbərəsi, Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı, Mamayı məscidləri, Mehmandarovların malikanəsi, Xurşidbanu Natəvanın sarayı, Üzeyir Hacıbəyli və Bülbülün ev-muzeyləri orijinal üslubuna uyğun olaraq bərpa edilmişdir. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu bərpa prosesini şəxsi nəzarətdə saxlaması layihələrin yüksək keyfiyyətlə icrasını təmin edir.
Bu gün Şuşada yenidən sədalanan “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri şəhərin mənəvi ruhunun tam qayıtdığını nümayiş etdirir. Şuşa artıq təkcə Qarabağın deyil, bütün Türk və İslam dünyasının mənəvi qalasıdır. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın azadlıq, suverenlik və yenilməz ruhunun simvolu kimi gələcək nəsillərə yol göstərən parlaq bir məşəldir.