06 noyabr 2026 14:40
154

Üçrəngli bayrağımız: Milli dövlətçilik iradəsinin, müstəqilliyimizin və tarixi Zəfərimizin rəmzi

Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Ümummilli Lider Heydər Əliyev

Azərbaycan xalqının tarixində elə milli dəyərlər, elə müqəddəs rəmzlər var ki, onların mənası yalnız müəyyən tarixi dövrün hadisələri ilə məhdudlaşmır. Bu rəmzlər xalqın keçmişini, bu gününü və gələcəyə yönəlmiş arzularını özündə birləşdirərək milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan Respublikasının Dövlət Bayrağı da məhz belə müqəddəs dövlətçilik atributlarından biridir. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli kimliyinin, dövlət müstəqilliyinin, suverenliyinin və tarixi Zəfərinin təcəssümüdür. Onun hər dalğalanışı Azərbaycan xalqının öz dövlətinə, tarixinə və milli-mənəvi dəyərlərinə bağlılığını nümayiş etdirir.

Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan cəmiyyətində milli həmrəyliyin, vətənpərvərlik ruhunun və dövlətçilik düşüncəsinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Bu qərar dövlət rəmzlərinə ehtiramın yüksəldilməsi, onların ictimai şüurda və milli dəyərlər sistemində tutduğu mövqenin möhkəmləndirilməsi istiqamətində mühüm addım olmuşdur.

Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci ilə, Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə gedib çıxır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binanın üzərində qaldırılmışdır. 1920-ci il aprelin 28-dək dövlət statusunu qoruyan bu bayraq milli dövlətçilik ideyasının, istiqlal məfkurəsinin və xalqın azad yaşamaq iradəsinin rəmzinə çevrilmişdi. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri təsadüfi seçilməmişdi. Onlar görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsiplərinin ideoloji məzmununu özündə əks etdirirdi. Mavi rəng türk mənsubiyyətimizi, qırmızı rəng müasir inkişaf və tərəqqi istəyimizi, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Beləliklə, üçrəngli bayrağımız milli kimliyimizi, milli-mənəvi dəyərlərimizi və ümumbəşəri ideallara bağlılığımızı təcəssüm etdirən mühüm dövlətçilik rəmzi kimi formalaşmışdır.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız rəsmi dövlət statusunu itirsə də, xalqımızın milli istiqlal ideyasını və müstəqil dövlətçilik arzusunu aradan qaldıra bilmədi. Bayraq xalqın yaddaşında, milli düşüncəsində və azadlıq mübarizəsində yaşamaqda davam etdi.

Bu tarixi ənənənin yenidən dövlət səviyyəsində bərpasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması və milli dövlət rəmzlərinin bərpası ilə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyə doğru gedən yolunda mühüm siyasi hadisə idi.

Bu qərarların əhəmiyyəti yalnız Naxçıvanın dövlətçilik atributlarının müəyyənləşdirilməsi ilə məhdudlaşmırdı. Əslində, həmin addımlar Azərbaycanın gələcək müstəqilliyinin ideoloji və siyasi əsaslarının formalaşdırılmasına xidmət edirdi. Naxçıvanda üçrəngli bayrağın yenidən dövlət səviyyəsində ucaldılması milli istiqlal düşüncəsinin dirçəldilməsi və müstəqillik ideyasının real siyasi məzmun qazanması baxımından tarixi əhəmiyyət daşıyırdı.

17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilən tarixi qərarların mahiyyətini və onların milli dövlətçilik tariximizdəki əhəmiyyətini Ulu Öndər Heydər Əliyev belə ifadə etmişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Bu tarixi təşəbbüsün davamı olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Həmin il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.

Beləliklə, 1918-ci ildə istiqlalımızın rəmzi kimi meydana çıxan, sovet hakimiyyəti dövründə xalqımızın milli yaddaşında yaşadılan, 1990-cı ildə Naxçıvanda yenidən dövlət səviyyəsində ucaldılan üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyinin əsas atributlarından birinə çevrildi. Bu tarixi ardıcıllıq dövlət rəmzlərinin bərpasının təkcə hüquqi-siyasi qərar deyil, həm də milli iradənin, tarixi varisliyin və dövlətçilik ənənələrinin təntənəsi olduğunu göstərir.

Dövlət Bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir. Bayrağımız eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın forması və təsviri qanunvericiliklə təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bu tələb yalnız hüquqi öhdəlik deyil, həm də hər bir azərbaycanlının Vətən və dövlət qarşısında mənəvi məsuliyyətinin ifadəsidir.

Dövlət Bayrağının cəmiyyət həyatında mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də bu münasibətin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncamı dövlət rəmzimizin ictimai və mənəvi həyatımızdakı yerinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezident İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”. Dövlət Bayrağı Muzeyinin yaradılması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin, müxtəlif tarixi mərhələlərdə mövcud olmuş dövlətlərin və xanlıqların bayraqlarının, milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanında Prezident İlham Əliyevin üçrəngli bayrağımızı ucaltması, yenidənqurma işlərindən sonra Dövlət Bayrağı Muzeyinin yenilənmiş ekspozisiya ilə fəaliyyətini bərpa etməsi milli tariximizin yaddaqalan hadisələrindən biri oldu. Meydanın yenilənmiş görkəmi, burada ucaldılan nəhəng Dövlət Bayrağı və Dövlət Bayrağı Muzeyində yaradılmış “Zəfər qalereyası” Azərbaycanın müstəqillik tarixinin yeni mərhələsini əks etdirir. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan ekspozisiyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılmasını və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradı əks etdirən fotoların nümayişi milli yaddaşın qorunmasına və Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muzey altı sərgi salonundan ibarətdir. Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il dekabrın 6-da “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalaması milli dövlətçilik rəmzlərimizə ehtiramın, müstəqillik ideallarına sədaqətin və Azərbaycan bayrağının uca tutulmasının mühüm hüquqi təzahürü idi. “Azərbaycan Bayrağı” ordeninin təsis edilməsi dövlət bayrağına ehtiramın dövlətçilik səviyyəsində təcəssümü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində, milli dövlətçilik ənənələrinin qorunub inkişaf etdirilməsində xüsusi xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymətin ifadəsidir.

Bu gün Azərbaycan bayrağının mənası və siyasi-mənəvi çəkisi Vətən müharibəsində qazanılmış tarixi Qələbə ilə daha da zənginləşmişdir. Uzun illər işğal altında olmuş torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçrəngli bayrağımızın tarixində yeni və şanlı səhifə açmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Dövlət Bayrağını ucaltması Azərbaycanın dövlət suverenliyinin həmin torpaqlarda bərqərar olmasının rəmzi ifadəsinə çevrilmişdir.

Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Ağdamda, Kəlbəcərdə və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması xalqımızın tarixi ədalətin bərpasına olan inamının, milli birliyinin və dövlətimizin suverenliyinin təcəssümüdür. Xankəndidə keçirilən hərbi parad isə bu tarixi reallığın, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının mühüm ifadəsi kimi yadda qalmışdır. Artıq bayrağımız yalnız müstəqilliyimizin deyil, həm də milli iradəmizin, sarsılmaz birliyimizin və qalib dövlətimizin rəmzidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət rəmzlərinin əbədi yaşarlılığını və dövlətçilik iradəsinin sarsılmazlığını dərin inamla ifadə edərək demişdir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Bu fikirlər Dövlət Bayrağının yalnız milli rəmz deyil, həm də xalqın müstəqillik əzminin, milli birliyinin və suveren dövlətçilik iradəsinin təcəssümü olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin Dövlət Bayrağı haqqında söylədiyi “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” fikirləri bu müqəddəs rəmzin xalqımızın həyatında tutduğu yeri dolğun ifadə edir. Dövlət başçısının vurğuladığı kimi, bayrağımız qürur mənbəyimizdir. Bu qürur yalnız tarixi keçmişimizdən deyil, müasir Azərbaycanın qazandığı uğurlardan, beynəlxalq nüfuzundan, iqtisadi və siyasi potensialından, güclü ordusundan və milli həmrəyliyindən qaynaqlanır.

Bu gün Azərbaycan bayrağı beynəlxalq təşkilatların iqamətgahları qarşısında, dünyanın müxtəlif ölkələrində, beynəlxalq tədbirlərdə və idman arenalarında dalğalanaraq müstəqil dövlətimizin mövqeyini və nüfuzunu nümayiş etdirir. Bayrağımızın ucaldığı hər bir məkan Azərbaycanın suverenliyinin, milli kimliyinin və müstəqil dövlət kimi beynəlxalq mövqeyinin təzahürüdür.

Dövlət Bayrağına hörmətin mahiyyəti onun yalnız rəsmi tədbirlərdə və dövlət binalarında ucaldılması ilə məhdudlaşmır. Bu ehtiram gündəlik həyatımızda, Vətənə münasibətimizdə, milli dəyərlərimizin qorunmasında və dövlətimizin inkişafına töhfə vermək istəyimizdə özünü göstərməlidir. Ulu Öndər Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” çağırışı hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil üçün mühüm mənəvi istiqamətdir. Çünki dövlət rəmzlərinə sevgi, əslində, Vətənə, xalqa və müstəqil dövlətə sədaqətin göstəricisidir.

9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya müstəqilliyimizin hansı tarixi mübarizə, milli iradə və fədakarlıq hesabına əldə edildiyini bir daha xatırladır. Üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal amalını, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini və müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfəri özündə birləşdirən müqəddəs dövlətçilik rəmzidir. Bu gün onun ölkəmizin bütün suveren ərazisində dalğalanması xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin dönməzliyinin təcəssümüdür.

Bayrağımızın hər dalğalanışı keçmişimizə ehtiramımızı, bu günümüzlə qürurumuzu və gələcəyimizə inamımızı təcəssüm etdirir. Onun ucalığı Azərbaycanın ucalığı, əbədiliyi isə müstəqil dövlətimizin əbədiliyidir.

Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!

Bəhruz Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent