Hər bir xalqın milli kimliyini, dövlətçilik ənənələrini özündə təcəssüm etdirən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün bu rəmzlərin ən əzizi, ən müqəddəsi üçrəngli Dövlət Bayrağımızdır. Göy, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız xalqımızın milli mənsubiyyətini, müasirliyə və inkişafa can atmasını, mənəvi dəyərlərə bağlılığını ifadə edir.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi xalqımızın dövlətçilik tarixinə, milli rəmzlərimizə və müstəqillik ideallarına verilən yüksək qiymətin ifadəsidir.
Xatırladaq ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında üçrəngli bayrağımız dövlət rəmzi kimi qəbul edilib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini yaşadan üçrəngli bayraq 1920-ci ilin aprel ayınadək müstəqil dövlətimizin rəmzi olub. Cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirsə də, xalqımızın qəlbindəki yerini heç vaxt itirməyib.
Bu müqəddəs rəmzin yenidən Dövlət Bayrağı səviyyəsinə yüksəldilməsində, bir daha qalxmasında “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” deyən Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Belə ki, 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də həmin vəsatətə baxılıb və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan edib. Beləliklə, xalqımızın milli iradəsinin və müstəqillik arzusunun rəmzi olan bayrağımız həyatımıza qaytarılıb.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev də Dövlət Bayrağımızın qorunmasına, onun dövlətçilik tariximizdəki mövqeyinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Əsasnaməyə dəyişikliklərin təsdiqlənməsi və Dövlət Bayrağından istifadə qaydalarını müəyyənləşdirən qanunun qəbul edilməsi bu istiqamətdə mühüm addım olub. 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamın imzalanması isə milli rəmzimizə verilən yüksək dəyərin bariz nümunəsinə çevrilib. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin milli dövlətçilik ənənələrinə sadiqliyinin göstəricisidir.
Yeri gəlmişkən qeyd edək ki, xalqımızın üçrəngli bayrağa olan sevgisi Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı özünün ən yüksək ifadəsini tapıb. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək üçrəngli bayrağımızı uzun illər düşmən tapdağında qalmış torpaqlarımızda yenidən ucaldıb. Bununla da şair demişkən, hər rəngində “ya qazi, ya şəhid” bir mən bitən, cəngidə cövlan, cövlanda can, barışda gül çələngim, savaşda qan, and, iman yerimiz olan Dövlət Bayrağının ölkəmizin bütün ərazisində dalğalanması təmin olunub. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri, yenidən salınan yollar, tikilən yaşayış evləri, məktəblər və digər sosial obyektlər bayrağımızın kölgəsində yeni həyatın başlandığını göstərir.
Bu gün Azərbaycan bayrağı beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik nümayəndəliklərdə və dünyanın müxtəlif ölkələrində qürurla dalğalanır. Şübhəsiz, onun hər yüksəlişi müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun, xalqımızın milli birliyinin və dövlətimizin artan gücünün ifadəsidir.
Dövlət Bayrağı Günümüz mübarək!
Qvami Məhəbbətoğlu, “İki sahil”