Noyabrın 5-də Azərbaycan Dövlət Kukla Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgi açılıb.
Zəfər Gününə həsr olunmuş sərginin açılış mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü Mirrafiq Əbdürrəhimov və digər rəsmi şəxslər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov bu günlərdə qalib, bütövləşən Azərbaycanın hər bir guşəsində Vətən müharibəsində tarixi Zəfərimizin 6-cı ildönümünün əsl ümumxalq bayramı kimi sonsuz sevinc və tükənməz qürur hissi ilə qeyd olunduğunu bildirib. Direktor rəhbərlik etdiyi məktəbin rəssamlıq şöbəsində təhsil alan istedadlı şagirdlərin də bu ümumxalq bayramını öz töhfələri ilə qarşıladıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, 8 Noyabr-Zəfər Gününə həsr olunmuş sərgidə məktəbin rəssamlıq şöbəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aybəniz Şahvələdovanın şagirdlərinin 42 rəsm əsəri nümayiş etdirilir.
Açılış mərasimindən sonra sərgi ilə tanışlıq olub. Tədbir iştirakçılarının maraqla izlədikləri rəsm əsərlərində Şuşa qalasına bayraq sancan igid Azərbaycan əsgərinin obrazı, azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üşrəngli bayrağıımız, İsa bulağı, Qarabağ mənzərələri, Şuşa qalası, Qarabağ plovu və Vətən müharibəsində tarixi Qələbəmizdən bəhs edən digər aktual mövzulara müraciət olunub. Eyni zamanda, şagirdlər moda kolleksiyasını nümayiş etdiriblər.
Rəsm sərgisi çərçivəsində məktəbin xoreoqrafiya və musiqi şöbələrinin istedadlı şagirdlərinin ifasında bayram konserti təqdim edilib. Məktəbin fortepiano müəllimi Sevda Qurbanzadənin şagirdi Fidan İsgəndərlinin şövqlə ifa etdiyi Şəfiqə Axundovanın “Həsrətindən”, Qəmbər Hüseynlinin “Ay işığında”, Emin Sabitoğlunun “Ala gözlüm”, Yevgeni Girenkonun ”Vals”, Yann Tiersenin “Amelie”, Gibran Alcocerin “İdea 10” və digər musiqi əsərləri alqışlarla qarşılanıb. Məktəbin müəllimi Elnur Hacıyevin şagirdi Qurban Nəsirli violində Karl Boomun “Daimi hərəkət”, Lüdviq van Bethovenin “Türk marşı”, Fikrət Əmirovun “Lirik rəqs” əsərlərini, “Çovqan” rəqs qrupu isə “Yallı” rəqsini məharətlə ifa ediblər.