06 noyabr 2026 20:54
157

İMKAN VERMƏDİ

ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNUR

Xarıbülbülü burda soldura bilmədilər,

Həkəri, Bərgüşadı doldura bilmədilər,

Dağlarından tarixi yoldura bilmədilər,

Xalqın qəlbində olan iman imkan vermədi.

***

Hissə-hissə doğrayıb dağıtmaq istədilər,

Dağıtdıqları yerdə yaşatmaq istədilər,

Qondarma bir rejimi yaratmaq istədilər,

Zamanında verilən fərman imkan vermədi.

***

Göyündən çəkilməsin, vətən, zəfər müjdəsi,

Kim dayandıra bilər sənə bağlı nəfəsi?

Qırx dörd günlük döyüşdə Xudayarların səsi,

Qarabağda çalınan kaman imkan vermədi.

***

Bir şəhid siması var qaranlıq içrə nurda,

Ancaq zəfər yaraşır bu vətənə, bu yurda.

Çox çalışdı namərdlər bu milləti qorxuda,

O, Ali Baş Komandan buna imkan vermədi.

Eyvaz Səmədov