09 noyabr 2026 18:18
73

Yük maşınları dəmir yollarına, avtomobillər elektrikə – Azərbaycanın yeni planı

Azərbaycan nəqliyyat sektorunda istixana qazı emissiyalarını 2035-ci ilədək 40% azaltmağı, 2060-cı ilədək isə xalis sıfır emissiya səviyyəsinə nail olmağı hədəfləyir. Bu məqsədlə yük daşımalarının avtomobil yollarından dəmir yollarına keçirilməsi, ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi, elektromobillərin sayının artırılması və alternativ yanacaqların tətbiqi nəzərdə tutulur.

Bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında bildirilir.

Strategiyaya əsasən, nəqliyyat sektoru ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən biridir və ÜDM-ə təxminən 6% töhfə verir. Bununla yanaşı, sektor atmosferə istixana qazı emissiyalarının əsas mənbələrindən biri olaraq qalır.

Belə ki, 2022-ci ildə Azərbaycanın nəqliyyat sektorundan yaranan istixana qazı emissiyaları 9,3 milyon ton CO2 ekvivalentində olub. Bu, ölkə üzrə ümumi emissiyaların 13%-ni təşkil edib.

Nəqliyyat sektorunun emissiyalarında əsas pay avtomobil nəqliyyatının üzərinə düşüb. Belə ki, avtomobil nəqliyyatı 8,6 milyon ton CO2 ekvivalenti ilə sektor üzrə emissiyaların 92%-ni formalaşdırıb. Daxili aviasiyanın payı 5% və ya 0,5 milyon ton, daxili dəniz nəqliyyatının payı 2%, dəmir yollarının payı isə 1% təşkil edib.

Strategiyada nəqliyyat sektorunun dekarbonizasiyası üç əsas istiqamət üzrə müəyyənləşdirilib. Bunlara avtomobil nəqliyyatı ilə qət edilən məsafənin azaldılması, nəqliyyat vasitələrinin enerji səmərəliliyinin artırılması və daha təmiz yanacaq mənbələrinə keçid, eləcə də ictimai nəqliyyatın payının genişləndirilməsi daxildir.

Bu istiqamətdə ilk növbədə yük daşımalarının avtomobil nəqliyyatından dəmir yollarına keçirilməsi planlaşdırılır. Sənəddə dəmir yolu nəqliyyatının, xüsusilə bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi ilə işləyən qatarların yük maşınları ilə müqayisədə daha az emissiya yaratdığı vurğulanır. Yük qatarlarının bir səfərdə daha çox yük daşımaq imkanının yanacaq sərfiyyatının və ümumi emissiyaların azalmasına şərait yaradacağı bildirilir.

Yük maşınlarının dəmir yollarına keçirilməsi əsas hədəflərdən biridir

Strategiyada xüsusi diqqət ayrılan istiqamətlərdən biri yük daşımalarının avtomobil nəqliyyatından dəmir yollarına keçirilməsidir. Bu məqsədlə 2035-ci ilədək dəmir yolu şəbəkəsinin genişləndirilməsi, onun imkanlarından istifadənin artırılması və yük daşımalarında dəmir yolu nəqliyyatının payının yüksəldilməsi nəzərdə tutulur.

Sənədə əsasən, yük maşınları ilə daşınan yüklərin tədricən dəmir yolu nəqliyyatına yönəldilməsi həm yanacaq sərfiyyatının, həm də atmosferə atılan istixana qazlarının azaldılmasına imkan verəcək. Çünki yük qatarları bir səfərdə daha böyük həcmdə yük daşımaqla daşımaların səmərəliliyini artırır və tələb olunan səfərlərin sayını azaldır. Xüsusilə bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi ilə işləyən qatarlar bu baxımdan daha ekoloji səmərəli nəqliyyat vasitəsi hesab olunur.

Bu prosesin uzunmüddətli perspektivdə davam etdirilməsi və 2060-cı ilədək yük maşınlarının dəmir yolu nəqliyyatına keçirilməsi hədəflənir. Beləliklə, yükdaşımaların strukturunun dəyişdirilməsi Azərbaycanın nəqliyyat sektorunda emissiyaların azaldılması üzrə əsas tədbirlərdən birinə çevriləcək.

Digər mühüm istiqamət ictimai nəqliyyatın genişləndirilməsi və modernləşdirilməsidir. 2035-ci ilədək avtobus, qatar və metro daxil olmaqla ictimai nəqliyyat şəbəkələrinin inkişafı, mikromobillik həllərinin təşviqi və sərnişin daşımalarının daha geniş şəkildə ictimai nəqliyyata keçirilməsi nəzərdə tutulur. Uzunmüddətli perspektivdə isə ictimai nəqliyyatın əlçatanlığının artırılması və şəxsi avtomobillərdən asılılığın azaldılması hədəflənir.

Elektrikləşdirmə üzrə konkret hədəflər müəyyənləşdirilib

Strategiyada nəqliyyat sektorunun elektrikləşdirilməsi əsas dekarbonizasiya mexanizmlərindən biri kimi göstərilir. Bu prosesin ilkin mərhələdə minik avtomobilləri və avtobuslardan başlaması, daha sonra yük avtomobilləri və digər nəqliyyat vasitələrini əhatə etməsi planlaşdırılır.

2035-ci ilədək elektromobillərin minik avtomobilləri parkında payının artırılması, elektriklə işləyən avtobusların sayının genişləndirilməsi, yük maşınları parkında elektrik nəqliyyat vasitələrinin payının yüksəldilməsi nəzərdə tutulur. Bu məqsədlə elektrikdoldurma infrastrukturuna investisiyaların artırılması və müxtəlif təşviq proqramlarının tətbiqi də planlaşdırılır.

2060-cı ilədək isə daha geniş elektrikləşdirmə hədəfləri müəyyən edilib. Belə ki, sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, şəhər və rayonlararası sərnişin daşımalarında istifadə olunan avtobusların tam elektrikləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, yük daşımaları parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin, o cümlədən hibrid avtomobillərin payının 75%-ə çatdırılması, digər yol nəqliyyatı kateqoriyalarında isə elektromobillərin payının 100%-ə yüksəldilməsi planlaşdırılır.

Dəmir yolu şəbəkəsinin tam elektrikləşdirilməsi də 2060-cı ilədək qarşıya qoyulan əsas hədəflərdəndir. Bununla yanaşı, hava limanlarında yerüstü xidmət avadanlıqlarının və xidməti avtomobillərin mərhələli şəkildə elektrik enerjisi ilə işləyən alternativlərlə əvəzlənməsi imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Aviasiya və dəniz nəqliyyatında alternativ yanacaqlara keçid

Sənəddə nəqliyyat sektorunun bütün seqmentlərində emissiyaların azaldılması üçün bioyanacaqların tətbiqinə də xüsusi diqqət ayrılıb.

Strategiyaya əsasən, keçid dövründə yol nəqliyyatı, aviasiya və dəniz nəqliyyatında istifadə olunan ənənəvi yanacaqlara bioyanacaq qarışıqlarının əlavə edilməsi planlaşdırılır. Bu yanaşma daha yüksək emissiya yaradan yanacaq komponentlərinin payını azaltmağa imkan verəcək.

Aviasiya sektorunda Davamlı Aviasiya Yanacağının (DAY) mərhələli tətbiqi nəzərdə tutulur. Bu yanacağın aviasiya emissiyalarının azaldılmasına töhfə verəcəyi bildirilir. Onun tətbiqi beynəlxalq texnoloji inkişaf və yanacağın mövcudluğu nəzərə alınmaqla genişləndiriləcək.

Dəniz nəqliyyatında isə metanol və digər alternativ yanacaqlardan istifadə planlaşdırılır. Sənəddə dəniz yanacağının metanol və digər alternativ enerji mənbələri ilə əvəzlənməsinin 2035-ci ildən sonra mərhələli şəkildə həyata keçirilməsi və 2060-cı ilədək bütün dəniz donanmasında tətbiqinin təmin olunması hədəflənir.

Ümumilikdə, Azərbaycanın nəqliyyat sektoru üzrə aşağıkarbonlu inkişaf yol xəritəsi qısa və orta müddətli dövrdə yeni texnologiyaların tətbiqini, infrastrukturun yenilənməsini və investisiyaların artırılmasını nəzərdə tutur. Strategiyanın əsas məqsədi avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatında daha təmiz enerji mənbələrinə keçidi sürətləndirməklə 2060-cı ilədək nəqliyyat sektorunun emissiyalarını xalis sıfır səviyyəsinə çatdırmaqdır.

Trend