12 noyabr 2026 12:00
101

Türkiyə-Azərbaycan birliyi əbədi, sönməz məşəldir

Ortaq tarixin, etnik köklərin, dilin, ədəbiyyatıın, mənəvi dəyərlərin qırılmaz tellərlə birləşdirdiyi, güclü təməllər üzərində qurulan Tükiyə-Azərbaycan münasibətləri gündən-günə inkişaf edir. Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən 7 ay sonra, 2021-ci il uyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsindən sarsılmaz müttəfiqlik zirvəsinə yüksəltdi.

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək təmənnasız qardaşlığın ən bariz nümunəsidir. Həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Prezident R.T.Ərdoğanın bütün bəyanatları, eləcə də Azərbaycanın lideri İlham Əliyevlə telefon söhbəti bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır.

2026-cı il noyabrın 8-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada mətbuata birgə bəyanatları zamanı “Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”, - deyə bildirib: “Qırx dörd günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.”

İkitərəfli münasibətlərin, siyasi, iqtisadi əlaqələrin, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi kimi məsələlərin iki lider arasında geniş müzakirə olunduğunu bildirən dövlət başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi əbədidr, sarsılmazdır.

Sarsılmaz təməllər üzərində qurulan Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını, müttəfiqliyini pozmaq istəyənlər öz məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Hər iki xalq, hər iki ölkənin lideri “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, strateji müttəfiqlik, birlik və həmrəylik üzərində qurulmuş əbədi bir sərvəti mətinliklə qoruyurlar. Bu qardaşlığa, dostluğa heç kim kölgə sala, xələl gətirə bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanıtında bildirib ki, Azərbaycanın qırx dörd günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir. “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz “Bir millət, iki dövlət” kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq. 2021-ci il iyununda Şuşa Bəyannaməsində təsbit olunan Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər”. Ankaranın Azərbaycan torpaqlarının bərpası prosesinə imkanları daxilində töhfə verməyi davam etdirəcəyini vurğulayan Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb.

İki qardaş ölkə arasında əlaqələr gündən-günə möhkəmlənir. Əbədi, sarsılmaz Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi Cənubi Qafqazda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir.

Zahid Rza, “İki sahil”