12 noyabr 2026 13:31
73

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir

Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir. Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir.

“İki sahil” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Təyinat alan din xadimlərimizin təxminən üçdə birinin isə nə ali, nə orta ixtisas dini təhsili ümumiyyətlə yoxdur. Ölkədə xaricdə dini təhsil alıb gələnlərin sayı isə ən azı 3500 nəfərdir. Xaricdə yaşayan soydadaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması əsas prioritet istiqamətlərimizdən biridir.

“Bu gün qarşımızda duran əsas məsələ bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. Bu işlə isə, Azərbaycanda yeganə dini təhsil müəssisəsi Azərbaycan İlahiyyat İnstitutu məşğuldur. Orta ixtisas təhsil müəssisəsi isə Azərbaycan İlahiyyat İnstitutunun tabeliyindəki Bakı İlahiyyat Kollecidir”, - deyə G.İsmayılov qeyd edib.