17 noyabr 2026 13:59
296

Rəşad Şolanın müəllifi olduğu cərrahi üsul SIU 2026 Dünya Konqresinin BANTUC proqramı üzrə qalib elan edilib

Azərbaycanlı uroloq-cərrah, tibb elmləri doktoru Rəşad Şolan İtaliyanın Florensiya şəhərində keçirilən Société Internationale d’Urologie (SIU, Beynəlxalq Urologiya Cəmiyyəti) təşkilatının SIU 2026 dünya konqresində qadınlarda sidik kanalının daralmasının müalicəsinə dair öz cərrahi metodikasını təqdim edib.

“İki sahil” xəbər verir ki, metod “Mosquito texnikası” adlanır. Müəllifin bildirdiyinə görə, bu üsul indiyədək elmi ədəbiyyatda təsvir olunmayıb.

Onun sözlərinə görə, qadınlarda sidik kanalı daralmalarında icra olunan bu metodun yaxın dönəm nəticələri çox ümidvericidir: uğur göstəricisi 100 faizə yaxındır.

Təqdimat konqresin SANTU simpoziumunda (Symposium on Affordable New Technologies in Urology) müzakirəyə çıxarılıb. SIU-nun təşkilat komitəsinin qərarı ilə Rəşad Şolan bu metodika ilə konqresin BANTUC (Best Affordable New Technologies in Urology Contest — urologiyada ən yaxşı əlçatan yeni texnologiyalar) proqramının nominantı və qalibi olub.

SANTU (Symposium on Affordable New Technologies in Urology — Urologiyada əlçatan yeni texnologiyalar simpoziumu) SIU konqresi çərçivəsində keçirilir və uroloji yardımı daha praktik, daha əlçatan edə biləcək yeni texnoloji həllərin təqdimatına həsr olunur. Simpoziumda təqdim edilən işlər arasından BANTUC proqramı üzrə ən yaxşılar seçilir.

Azərbaycanlı mütəxəssisin bu platformada iştirakı yerli klinik təcrübənin beynəlxalq elmi müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir.