18 noyabr 2026 01:34
51

Azərbaycanın mövqeləri Avropada möhkəmlənəcək

Prezident İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Endi Börnhamla strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaması Azərbaycanın xarici siyasətində mühüm hadisədir.

Qəbul olunmuş bu sənəd Bakı ilə London arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərməklə bərabər, həm də Azərbaycanın Avropa təhlükəsizlik və iqtisadi strukturunda artan rolunun da göstəricisidir. Xüsusilə müdafiə, təhlükəsizlik, enerji, investisiya, nəqliyyat və texnoloji əməkdaşlığın genişləndirilməsi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, tərəfdaş ölkə Avropanın ən nüfuzlu ölkəsidir.

Siyasi ekspertlər bildirirlər ki, Azərbaycan-Britaniya strateji tərəfdaşlığının əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq ənənəvi enerji münasibətləri ilə məhdudlaşmayaraq daha geniş sferaları əhatə edir. Xatırladaq ki, Böyük Britaniya uzun illərdir ki, Azərbaycanın enerji sektorunun əsas investorlarından biridir. 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayan ölkələrdəndir. Müqavilədə Britaniyanı dünyada tanınmış nəhəng “Britişh Petrolium” şirkəti təmsil edir. Yəni, Britaniya hətta Ermənistana və onun havadarlarına qarşı müharibə aparan Azərbaycana bu qədər etibar edir və nə qədər risqli olsa da ölkəmizlə iqtisadi münasibətlər qururdu. O zaman iki ölkəni əsasən yanacaq məhsullarının alqı-satqısı yaxınlaşdırırdı. Lakin indi iqtisadi coğrafiyanın əhatə dairəsi genişləndirilərək münasibətlərin intensivləşməsinə səbəb olub.

Yeni tərəfdaşlıq çərçivəsində müdafiə sənayesi, hərbi hazırlıq, təhlükəsizlik, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlıq imkanları daha da genişlənmiş olur. Bu isə Azərbaycana həm iqtisadiyyatını şaxələndirmək, həm də təhlükəsizlik imkanlarını artırmaq üçün əlavə imkanlar yaradır. Məlumdur ki, hazırkı narahat dünyada təhlükəsizlik ən ümdə həyati məsələdir. Eyni zamanda, Londonla münasibətlərin dərinləşməsi Azərbaycanın Qərbin aparıcı siyasi və iqtisadi mərkəzləri ilə dialoquna yeni impuls verə bilər. Təbii ki, bu məsələlərin nizamlanmasında Britaniya kimi nüfuzlu dövlətin böyük təsiri olacaqdır. Bu isə Azərbaycana əlavə siyasi və iqtisadi dividentlər qazandıracaq. Əlbəttə, Britaniyanın siyasi-mənəvi dəstəyi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Britaniya tərəfdaşlığı ölkəmizin Avropadakı mövqelərini daha da gücləndirəcək, iqtisadi-texniki inkişafımıza, siyasi çəkimizin artmasına təkan verəcəkdir.  Lakin uğurumuza hamı sevinmir, ona bədxah münasibət göstərənlər də var. Bunu əvvəlki illərdə qazandığımız uğur və qələbələr zamanı gördük. Hətta elələri də oldu ki, hərbi qələbəmizi gözdən salmaq üçün ona başqa rəng verməyə çalışdılar. Bəziləri isə ərazilərini işğaldan azad edən Azərbaycanı müharibənin günahkarı kimi qələmə verməyə cəhd etdilər. Halbuki bütün dünya bilirdi ki, Ermənistan Azərbaycanın kənd və şəhərlərini necə xarabazara çevirib, soyqırım aktı törədib, öz ərazisindəki 300 min azərbaycanlını necə deportasiya edib.

Ekspertlərə görə, Dublində baş verən hadisələrin bəzi dairələrin, Moskva və Tehran tərəfindən diqqətlə izləniləcəyi şübhəsizdir. Lakin müstəqil xarici siyasət aparan Azərbaycan heç bir dövlətin işinə qarışmır və başqalarından da özünə qarşı belə münasibət tələb edir.

Hələlik bu dövlətlər və dairələr tərəfindən Azərbaycan-Britaniya birgə Bəyannaməsinə heç bir münasibət bildirilmir. Yəqin məsələyə hansı tərəfdən yanaşmağı planlaşdırırlar. Lakin susqunluğun özü də müəyyən mənfi məna kəsb edir. Güclü Azərbaycan yolunun üstündə duran bədxahlara əhəmiyyət verməyərək irəli baxır, müstəqim addımlarla hərtərəfli sürətli inkişafa doğru irəliləyir.

Vəli İlyasov, “İki sahil”