Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və böyük iqtisadi potensiala malik Qarabağ torpağıdır. Bu gün şəhər təkcə tarixi yaddaşımızın deyil, həm də dövlətimizin siyasi iradəsinin, hərbi qüdrətinin və quruculuq əzminin rəmzidir. Ağdam adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, qədim türk dilində “kiçik qala” mənasını verən bu söz bölgənin qədim yaşayış ənənələri ilə bağlıdır.
Digər yanaşmaya əsasən, Qarabağ xanı Pənahəli xanın XVIII əsrdə burada ağ daşdan imarət tikdirməsi şəhərin adının formalaşmasına təsir göstərib. 1930-cu ildə rayon statusu alan Ağdamın tarixi minilliklərin dərinliklərinə gedib çıxır. Üzərriktəpədə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri, taxıl və üzüm qalıqları burada qədim əkinçilik və oturaq həyat mədəniyyətinin mövcudluğunu təsdiqləyir. İmarət kompleksi, Şahbulaq qalası, məscidlər və Qarabağ xanlarının türbələri isə bölgənin zəngin tarixi irsinin nümunələridir. 1993-cü il iyulun 23-də Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycanın tarixində ağır faciələrdən biri oldu. Rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, mərkəzi və 90 kəndi işğal edildi.
Təxminən 128 min sakin doğma yurdunu tərk etməyə məcbur oldu. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu, məktəbləri, mədəniyyət müəssisələri, sənaye obyektləri və tarixi abidələri dağıdıldı, talan edildi. Dünyada nadir mədəniyyət ocaqlarından olan Çörək Muzeyi də məhv edildi. Bir vaxtlar Qarabağın inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrildi və “Qafqazın Xirosiması” kimi tarixə düşdü. Ermənistanın təcavüzü beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə müşayiət olundu. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin Ermənistan uzun illər beynəlxalq qərarların icrasından yayındı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində 10 noyabr üçtərəfli bəyanatına əsasən, noyabrın 20-də Ağdam Azərbaycana qaytarıldı. Bununla da 27 illik işğala son qoyuldu. Ağdamın azad edilməsində iştirak edən hərbi qulluqçuların qəhrəmanlığının əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. 5790 hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi. Azadlıqdan sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri çərçivəsində yeni layihələrin təməli qoyuldu, infrastruktur obyektləri istifadəyə verildi. 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi bu prosesin strateji əsaslarını müəyyənləşdirdi. Plana əsasən, şəhərdə 100 min nəfərin yaşayacağı müasir urbanistik mühitin yaradılması nəzərdə tutulur. Ağdamın iqtisadi dirçəlişində 190 hektar ərazini əhatə edən Sənaye Parkı xüsusi yer tutur.
2021-ci ildə yaradılan parkda 28 rezident və 4 qeyri-rezident fəaliyyət göstərir. Ümumi investisiya həcmi 260 milyon manatı ötüb. Hazırda 9 müəssisə istehsal fəaliyyəti göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir. Artıq 964 nəfər daimi işlə təmin olunub. Bu göstəricilər Ağdamın Qarabağın mühüm sənaye mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir. Şəhərin nəqliyyat infrastrukturu da yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi bölgənin nəqliyyat əlaqələrini gücləndirib. 2025-ci il mayın 10-da açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi müasir nəqliyyat imkanlarını genişləndirib. Kompleks gündəlik minlərlə sərnişinə xidmət göstərmək potensialına malikdir. Ağdamın tarixi-mədəni simasının bərpası da diqqət mərkəzindədir. İmarət Kompleksi, Ağdam Cümə məscidi və Qiyaslı məscidi bərpa olunub. 2025-ci il mayın 10-da Ağdam Muğam Mərkəzinin açılması Qarabağın zəngin musiqi ənənələrinin yaşadılması baxımından mühüm hadisədir.
Eyni zamanda, “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi bölgənin turizm potensialının inkişafına xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlərin məskunlaşdırılması davam edir. 2026-cı ilin noyabrına olan məlumata görə, Ağdam şəhəri, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb. Yeni yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, səhiyyə və inzibati obyektlər də yaradılır. Məqsəd sakinlərin doğma torpaqlarında təhlükəsiz və layiqli həyatının təmin edilməsidir. Prezident cənab İlham Əliyevin 2026-cı il noyabrın 7-də Ağdama səfəri çərçivəsində Mərkəzi Rayon Xəstəxanasının tikintisi ilə tanış olması, yeni istehsal müəssisələrinin açılışında iştirakı bölgənin inkişafının davamlı xarakter daşıdığını bir daha nümayiş etdirdi. Ağdamın bərpası Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi dövlət siyasətinin mühüm nəticələrindəndir. Minalardan təmizləmə, müasir infrastrukturun yaradılması, sənayenin inkişafı və əhalinin doğma torpaqlarına qayıdışı vahid strategiya çərçivəsində həyata keçirilir. Bu gün Ağdam dağıntıların deyil, quruculuğun, məcburi köçkünlüyün deyil, Böyük Qayıdışın, işğalın deyil, suverenliyin rəmzidir. Şəhərin dirçəlişi Azərbaycanın yalnız öz torpaqlarını azad etmədiyini, həmin ərazilərdə yeni həyat və gələcək qurduğunu təsdiqləyir. Ağdam artıq Qarabağın iqtisadi, mədəni və sosial inkişafında aparıcı mərkəzlərdən birinə çevrilməkdədir.
Mehriban Vəliyeva,
Milli Məclsin deputatı