18 noyabr 2026 12:25
149

Tarixi zərurətdən böyük zəfərlərə

Hər bir xalqın tarixində elə dönəmlər olur ki, həmin məqamda qəbul edilən qərarlar təkcə bir dövrün deyil, onilliklərin və əsrlərin taleyini həll edir. Azərbaycanın ən yeni tarixinə nəzər salarkən tam əminliklə demək olar ki, 1992-ci ilin noyabr ayı ölkəmiz üçün məhz belə bir zəruri və tarixi dönüş nöqtəsi idi.

Müstəqilliyinin ilk illərində dərin siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalan, hətta dövlətçiliyini itirmək təhlükəsi yaşayan Azərbaycanı bu ağır sınaqlardan xilas etmək üçün məsuliyyətli bir addım atıldı. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında vurğuladığı kimi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Siyasi səhnəyə məhz xalqın istəyi və obyektiv zərurətin tələbi ilə qədəm qoyan Yeni Azərbaycan Partiyası ötən illər ərzində millətin inam yeri, dövlətimizin sabitlik və inkişaf zəmanəti olduğunu sübut etdi.

1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən xaotik və dağıdıcı proseslərə qarşı cəmiyyətin qabaqcıl təbəqəsi olan ziyalılar susa bilməzdilər. Azərbaycanın taleyinə biganə qalmayan 91 nəfər görkəmli ziyalı və nüfuzlu şəxsiyyət xalqın böhrandan yeganə çıxış yolunu sınanmış lider, peşəkar siyasətçi Heydər Əliyevin ətrafında birləşməkdə gördü. Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu cəsarətli sənəd əslində bütün Azərbaycan xalqının arzu və istəklərinin açıq ifadəsi idi.

1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar, Nizamnamə və Proqram qəbul olundu, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. YAP müxalifət partiyası kimi fəaliyyətə başlasa da, onun mövqeyi hər zaman konstruktiv, dövlətçilik maraqlarına söykənən və demokratik siyasi mədəniyyəti təşviq edən xarakter daşıyırdı. Ulu Öndərin rəhbərliyi ilə YAP qısa müddətdə siyasi meydanın şəksiz liderinə və ümumxalq partiyasına çevrildi. Ulu Öndərin ifadəsi ilə desək, YAP “dünənin, bu günün və gələcəyin partiyası” missiyasını uca tutdu.

2005-ci il martın 26-da keçirilmiş III qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyanın sədri seçilməsi ilə YAP-ın inkişafında yeni mərhələ başladı. Ölkəmizdə Ulu Öndərin siyasi xətti dəyişməz qalaraq müasir dövrün çağırışlarına uyğun keyfiyyətcə yeni müstəviyə daşındı.

Bu gün 769.811-dən çox üzvü olan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir. Partiya üzvlərini səciyyələndirən əsas dəyərlər Vətənə sadiqlik və ümummilli maraqlara sədaqətdir. Partiya sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi yüksək etimadın, eyni zamanda Azərbaycan dövlət siyasətində qadının fəal ictimai-siyasi və dövlət xadimi obrazının təcəssümü oldu. Prezident İlham Əliyevin vurğuladığı “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” tezisi isə ölkədəki siyasi dialoqun və milli həmrəyliyin əsasını təşkil edir.

Keçirilən son seçkilərin nəticələri xalqımızın Yeni Azərbaycan Partiyasına və onun Liderinə olan sonsuz inamının bariz göstəricisidir.

2026-cı il oktyabrın 2-də keçirilmiş YAP-ın VIII qurultayı partiyanın və ölkəmizin tarixində tamamilə yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qurultaydakı tarixi nitqində bu reallığı qürurla bəyan etdi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.”

Yeni Azərbaycan Partiyası dünən olduğu kimi, bu gün də, gələcəkdə də Azərbaycanın zəfər yürüşünün, siyasi sabitliyinin və müasir inkişafının əsas hərəkətverici qüvvəsi olaraq qalacaqdır. Qazanılan hər bir uğurda, Böyük Qayıdışın hər bir addımında YAP fəallarının və milyonlarla partiya üzvünün əməyi, sarsılmaz inamı var.

Anar Məmmədov,

Milli Məclisin deputatı