18 noyabr 2026 11:35
186

“Müasir gənclik və dövlətçilik məfkurəsi: rəqəmsal məkanda milli maraqlar”

Noyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müasir gənclik və dövlətçilik məfkurəsi: rəqəmsal məkanda milli maraqlar” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir dövrdə gənclərin dövlətçilik ənənələrinin qorunmasında və milli maraqların müdafiəsində rolundan danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsi prioritet istiqamətlərdəndir.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərinə toxunub. O, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, gənclər müasir texnologiyaların yaratdığı imkanlardan yararlanaraq milli maraqların qorunmasına öz töhfələrini verməlidirlər.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov dövlətçilik düşüncəsinin formalaşmasında tarixi irsin, milli-mənəvi dəyərlərin qorunmasının və təhsilin əhəmiyyətindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı istiqamətində həyata keçirdiyi siyasətə toxunaraq, bu zəngin irsin gənc nəsil tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onlarda vətəndaşlıq məsuliyyətinin formalaşdırılması ölkənin gələcək inkişafı üçün mühüm şərtlərdəndir.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli müasir dövrdə rəqəmsal məkanın ictimai rəyin formalaşmasında, milli maraqların qorunmasında, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin təbliğində rolundan bəhs edib. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında diqqətə çatdırdığı fikirlərə toxunan Nurlan Qələndərli informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq gənclərin sosial medianın imkanlarından səmərəli istifadə etmələrinin, həmçinin dezinformasiya kampaniyalarına qarşı ardıcıl mübarizə aparmalarının önəminə diqqəti cəlb edib.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.