18 noyabr 2026 12:46
151

Sumqayıtda istilik sistemlərinin yenilənməsi və yeni sosial infrastruktur layihələri gündəmdədir

"2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı Sumqayıtda məişət tullantılarının utilizasiyası üçün müasir zavodun tikintisi, şəhərin sutəmizləyici sistemlərinin bərpası və genişləndirilməsi, eləcə də yeni peşə təhsili müəssisəsinin inşası ilə bağlı məsələlər qaldırmışdım. Qeyd olunan istiqamətlər üzrə müəyyən maliyyə vəsaitinin ayrılmasını müsbət qiymətləndirir və buna görə hökumətə təşəkkürümü bildirirəm."

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

O bildirib ki, şəhərdə yeni peşə təhsili müəssisəsinin tikintisi ilə bağlı artıq torpaq sahəsi ayrılıb və yaxın müddətdə işlərə başlanılacaq: “Eyni zamanda, məişət tullantılarının utilizasiyası zavodunun tikintisi və şəhərin sutəmizləyici sistemlərinin bərpası istiqamətində nəzərdə tutulan işlərin sürətləndirilməsi və tezliklə başa çatdırılması üçün müvafiq tapşırıqların verilməsini xahiş edirəm”.

Deputat həmçininSumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının istilik təminatı ilə bağlı da məsələ qaldırıb: “Sumqayıt əhalisinin sayına görə ölkəmizin ikinci ən böyük şəhəridir. 500 mindən çox əhalisi olan şəhərdə çoxsaylı çoxmənzilli yaşayış binaları mövcuddur və onların bir hissəsində istilik sistemlərinin yenilənməsinə, əsaslı təmirinə və müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac var. Bu problem xüsusilə payız-qış mövsümündə sakinlərin gündəlik həyatına təsir göstərir. Bir sıra binalarda istilik sistemlərinin köhnəlməsi və texniki vəziyyətinin qənaətbəxş olmaması mənzillərin lazımi səviyyədə qızdırılmasında çətinliklər yaradır. Hesab edirəm ki, ilk növbədə, şəhərdə istilik sistemlərinin mövcud vəziyyəti hərtərəfli araşdırılmalı, yenilənməyə ehtiyacı olan binalar müəyyənləşdirilməli və problemin mərhələli həlli üçün konkret tədbirlər planı hazırlanmalıdır. Xüsusilə qarşıdan gələn qış mövsümünü nəzərə alaraq, ən problemli binalarda təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Sumqayıtda çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin mərhələli şəkildə yenilənməsi üçün konkret tədbirlərin görülməsini və dövlət büdcəsində bu məqsədlə müvafiq vəsaitin nəzərdə tutulmasını xahiş edirəm”.