Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Ümumi çəkisi 6,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 4 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 30 patron darağı və 3393 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.