Milli Məclisin deputatı Səbinə Salmanova 2027-ci ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması ilə bağlı nəzərdə tutulan göstəricilərə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, deputat Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, gələn ilin dövlət büdcəsində bu istiqamətə 2026-cı illə müqayisədə 100 milyon manata yaxın əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur: “Hesab edirəm ki, bu artıma yalnız maliyyə göstəricisi kimi deyil, Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan, regionda baş verən hərbi-siyasi proseslər və gələcək təhlükəsizlik çağırışları kontekstində yanaşmaq lazımdır”.
S.Salmanova vurğulayıb ki, bu gün dünya əvvəlki geosiyasi reallıqlarla yaşamır: “Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, İran ətrafında yaranan gərginlik, dövlətlər arasında artan rəqabət beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsir göstərir. Azərbaycanın mühüm enerji və nəqliyyat-kommunikasiya dəhlizlərinin qovşağında yerləşməsi ölkəmizin təhlükəsizlik siyasətinin daim diqqətdə saxlanılmasını tələb edir. Bu baxımdan müdafiə və təhlükəsizlik xərclərinin artırılması tamamilə əsaslandırılmış qərardır”.