18 noyabr 2026 17:52
97

Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub

Güclü, müstəqil və nüfuzlu vəkillik təsisatının mövcudluğu hüquqi dövlət quruculuğunun, qanunun aliliyinin və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin mühüm şərtlərindən biridir. Ölkəmizdə hüquq sisteminin humanist və müasir prinsiplər əsasında inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi və hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində həyata keçirilən islahatlar vəkillik institutunun inkişafı üçün geniş imkanlar açmaqla yanaşı, peşəkar məsuliyyətimizi də artırır. Bu proseslər vəkilliyin cəmiyyət həyatındakı rolunun və nüfuzunun yüksəlməsinə, onun ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi kimi daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bu barədə “İki sahil”ə Vəkillər Kollegiyasından bildirilib.

Son illərdə ölkəmizdə vəkillik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb. Hüquq sahəsində çalışan yüzlərlə gənc mütəxəssis vəkillik fəaliyyətinə başlamaq məqsədilə Vəkillər Kollegiyasına müraciət edir, bu peşəyə qəbul üçün müəyyən edilmiş şəffaf və obyektiv seçim mərhələlərindən keçir. Son illər ərzində vəkillərin sayı üç dəfədən çox artaraq 3 000 nəfəri ötüb. Bununla yanaşı, yüzlərlə vəkilliyə namizədlərdən ibarət böyük potensialın mövcudluğu da bu peşəyə marağın davamlı xarakter daşıdığını göstərir. Bütün bunlar ölkəmizdə vəkillik institutunun inkişafını, peşənin ictimai nüfuzunun və hüquq ictimaiyyətindəki mövqeyinin güclənməsini bir daha sübut edir.    

Təbii ki, hər bir peşə sahəsində olduğu kimi, vəkillik fəaliyyətində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Vəkillər də cəmiyyətin digər üzvləri kimi qanun qarşısında məsuliyyət daşıyırlar və heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb. Belə hallara münasibətdə əsas prinsip isə hər bir məsələyə fərdi qaydada, obyektiv və yalnız qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməsidir.  

Qeyd etmək lazımdır ki, Vəkillər Kollegiyası müstəqil, özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən peşə qurumudur və vəkillərin peşə fəaliyyətinə, habelə etik davranış qaydalarına riayət etməsinə nəzarət sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirir. Bu çərçivədə Kollegiya daxil olan müraciətlərə və vəkillərin fəaliyyəti ilə bağlı iradlara həssaslıqla yanaşır, zəruri hallarda intizam icraatları başlanılır və müvafiq qərarlar qəbul edilir. 

Belə ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Qəbul edilən qərarlara əsasən 6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Bu göstəricilər Vəkillər Kollegiyasının peşə fəaliyyətində qanunçuluğun və etik prinsiplərin qorunmasına, daxil olan müraciətlərin araşdırılmasına və vəkillərin intizam məsuliyyəti məsələlərinə diqqətlə yanaşdığını nümayiş etdirir. Həmçinin Kollegiyanın etik qaydaları və mövcud yanaşması nəzərə alınmaqla, barəsində intizam tədbiri görülmüş vəkillərin adları ictimaiyyətə açıqlanmır. Hesab edirik ki, bu məsələlərdə həm qanunvericiliyin tələblərinə, həm də şəxslərin hüquq və nüfuzunun qorunması prinsipinə riayət olunması vacibdir.

Təəssüflər olsun ki, son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumatların müxtəlif media vasitələrində ictimaiyyətə təqdim edildiyini müşahidə edirik. Təbii ki, hər bir hüquqi proses cəmiyyət üçün maraq doğura bilər. Bununla belə, hesab edirik ki, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə də şəxsin təqsirsizlik prezumpsiyasına və onun Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılması vacibdir.

Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu və onun hüquqi statusu və peşəkar nüfuzu baxımından müəyyən yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilən formada təqdim olunması ümumilikdə vəkilliyin nüfuzuna ciddi xələl gətirir. Vəkillik fəaliyyəti öz mahiyyətinə görə hüququn aliliyinin, ədalət mühakiməsinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsinə xidmət edən mühüm hüquqi institutdur. Bu baxımdan, vəkillərlə bağlı məlumatların yayılmasında da hüquqi dövlət prinsiplərinə və təqsirsizlik prezumpsiyasına riayət olunmasının əhəmiyyətli olduğunu düşünürük. Əlbəttə, hər bir şəxs barəsində aparılan araşdırma və digər prosessual məsələlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməli və yekun hüquqi qiymət yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməlidir.

Eyni zamanda qeyd etmək istərdik ki, ayrı-ayrı hallarla bağlı KİV-də yayılan məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır. Vəkillik peşəsinin nüfuzu uzun illər ərzində formalaşmış hüquqi və ictimai dəyərlərə, peşəkarlığa, məsuliyyətə və insan hüquqlarının müdafiəsinə əsaslanır. Əminik ki, bu yüksək prinsiplər qorunmaqla, həm hüquqi prosedurların obyektivliyi, həm də cəmiyyətə təqdim edilən məlumatlar etik və hüquq qaydalar çərçivəsində ictimaiyyətə təqdim olunacaqdır!