18 noyabr 2026 17:11
118

Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə təcrübə mübadiləsi aparılıb

Noyabrın 17-də Kənd Təsərrüfatı Nazirliyində Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsil alan dövlət qulluqçuları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim və təcrübə proqramı çərçivəsində baş tutub.

Görüşdə Qazaxıstanın müxtəlif dövlət qurumlarında çalışan 19 dövlət qulluqçusu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov,  Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini - Elm və təhsil sektorunun müdiri Emin Əliyev iştirak edib.

Tədbir çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov tərəfindən təqdimat keçirilib. Təqdimat zamanı qonaqlara Azərbaycanda aqrar sektorun inkişafı, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri, aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatının rəqəmsallaşdırılması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS), aqrar startapların dəstəklənməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, aqrar sahədə dövlət siyasəti, idarəetmə mexanizmləri və innovativ texnologiyalar üzrə fikir və təcrübə mübadiləsi aparılıb.