20 noyabr 2026 12:14
82

Tarixi dostluq, strateji baxış və yeni iqtisadi perspektivlər

Prezident cənab İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya istiqamətinin artan əhəmiyyətini, Vyetnamla münasibətlərin strateji məzmununu və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını aydın şəkildə ortaya qoyur. Dövlət başçısının açıqlamaları göstərir ki, Bakı ilə Hanoy arasında onilliklər ərzində formalaşmış dostluq münasibətləri artıq yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha geniş tərəfdaşlığa çevrilir. Bu münasibətlərin özəlliyi ondadır ki, onların təməlində yalnız diplomatik maraqlar deyil, ortaq tarixi yaddaş, qarşılıqlı etimad və xalqlar arasında formalaşmış səmimi bağlılıq dayanır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri bu dostluğun başlanğıc nöqtəsi olmaqla yanaşı, Azərbaycanla Vyetnam arasında gələcək əməkdaşlığın mənəvi-siyasi əsaslarını müəyyənləşdirib.

İkitərəfli əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri isə xüsusi yer tutur. 1983-cü ildə onun rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlıq tarixində mühüm dönüş yaratdı. Səfərin səkkiz günədək uzadılması və ölkənin əsas regionlarını əhatə etməsi Vyetnamla əlaqələrə verilən əhəmiyyətin göstəricisi idi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli tərəfdaşlığın istiqamətlərini müəyyənləşdirdi. Müstəqillik dövründə bu ənənə yeni siyasi məzmun qazandı. Prezident cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin inkişafına təkan verdi. Lakin ikitərəfli əlaqələrdə əsl keyfiyyət dəyişikliyi 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə baş verdi. Səfərin nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri prinsipial olaraq yeni mərhələyə çıxardı. Bu sənədin əhəmiyyəti onun siyasi bəyanat olmaqla məhdudlaşmamasındadır. Energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi sahələri əhatə edən müzakirələr tərəflərin əməkdaşlığı konkret layihələr və qarşılıqlı iqtisadi maraqlar üzərində qurmaq niyyətini göstərir. Başqa sözlə, Azərbaycan və Vyetnam artıq ənənəvi diplomatik münasibətlərin qorunmasından daha geniş hədəfə – uzunmüddətli və çoxşaxəli strateji tərəfdaşlığın formalaşdırılmasına istiqamətləniblər. Bu prosesin siyasi dayaqları da kifayət qədər möhkəmdir. Dövlət başçıları səviyyəsində təmaslarla yanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq münasibətlərin institusional əsaslarını genişləndirir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət isə ikitərəfli dialoqun beynəlxalq müstəviyə də daşındığını göstərir. Siyasi yaxınlığın iqtisadi nəticələrlə möhkəmləndirilməsi hazırkı mərhələnin başlıca vəzifəsidir.

Prezident cənab İlham Əliyevin açıqladığı məlumata görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu, müsbət göstərici olsa da, iki ölkənin iqtisadi potensialı ilə müqayisədə hələ başlanğıc səviyyə kimi qiymətləndirilə bilər. Azərbaycanın Avrasiya bazarlarına çıxış imkanları, Vyetnamın isə Cənub-Şərqi Asiyada istehsal və ixrac potensialı qarşılıqlı ticarətin daha böyük miqyasda inkişafı üçün əlverişli zəmin yaradır. Burada əsas məsələ ticarət dövriyyəsinin sadəcə artırılması deyil, onun strukturunun genişləndirilməsidir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, texnologiya və logistika sahələrində birgə layihələrin reallaşdırılması iqtisadi münasibətləri daha dayanıqlı edə bilər. Bu baxımdan Azərbaycan və Vyetnamın iqtisadiyyatları arasında tamamlayıcılıq imkanlarından istifadə xüsusi əhəmiyyət daşıyır. Energetika isə tərəfdaşlığın ənənəvi və eyni zamanda ən perspektivli istiqamətidir. Sovet dövründən formalaşan əməkdaşlıq təcrübəsi bu sahədə möhkəm təməl yaradıb. Hazırda SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi həmin potensialın müasir iqtisadi tələblərə uyğun reallaşdırılmasına xidmət edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlığın perspektivi yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Söhbət texnologiyaların, idarəetmə təcrübəsinin və peşəkar biliklərin mübadiləsindən də gedir. Azərbaycanın beynəlxalq enerji layihələrində qazandığı təcrübə Vyetnamla sənaye tərəfdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır. Eyni zamanda, bərpaolunan enerji sahəsində əməkdaşlıq da gündəlikdə olan mühüm istiqamətlərdəndir. Vyetnam biznesinin Azərbaycana artan marağı bu baxımdan diqqətəlayiqdir. Tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrində iştirak etmək niyyətini ifadə edən “ROX Group” bunun konkret nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması investisiya əməkdaşlığının praktik mərhələyə keçdiyini göstərir. Azərbaycanın investisiya mühiti, regional bazarlara çıxış imkanları və inkişaf edən infrastruktur layihələri Vyetnam şirkətləri üçün cəlbedici perspektivlər açır. Xüsusilə yaşıl enerji sahəsində tərəfdaşlıq həm Azərbaycanın enerji keçidi strategiyasına, həm də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər. Bununla yanaşı, Vyetnam kapitalının Azərbaycanda iştirakı qarşılıqlı investisiya axınlarının genişləndirilməsi üçün də stimul yarada bilər. İqtisadi əməkdaşlığın digər strateji üstünlüyü coğrafi mövqelərin yaratdığı imkanlardır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya sistemində mühüm tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir. Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi ölkəmizə beynəlxalq yükdaşımaların təşkilində mühüm üstünlüklər qazandırır.

Cənab Prezidentin müsahibəsində açıqladığı rəqəm bu potensialın artıq praktik nəticələr verdiyini göstərir: 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu dinamika təsadüfi deyil. Vyetnamın Cənub-Şərqi Asiyadakı iqtisadi mövqeyi ilə Azərbaycanın Avrasiya nəqliyyat şəbəkəsindəki imkanlarının birləşdirilməsi yeni ticarət marşrutlarının formalaşmasına şərait yaradır. Vyetnam yüklərinin Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması, eləcə də əks istiqamətdə daşımaların genişləndirilməsi hər iki ölkəyə iqtisadi fayda vəd edir. Beləliklə, Azərbaycan yalnız ikitərəfli ticarətin iştirakçısı deyil, həm də Vyetnamın Avrasiya bazarlarına çıxışında mühüm logistika tərəfdaşına çevrilə bilər. Bu məqam Azərbaycanın xarici iqtisadi siyasətinin daha geniş məqsədləri ilə də uzlaşır. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını genişləndirməklə tranzit gəlirlərini artırmaq, logistika infrastrukturunun səmərəliliyini yüksəltmək və yeni iqtisadi tərəfdaşlıqlar qurmaq niyyətindədir. Vyetnamla əməkdaşlıq bu strategiyanın Asiya istiqamətində əhəmiyyətli elementlərindən biri ola bilər.

Lakin Azərbaycan–Vyetnam münasibətlərini yalnız iqtisadi göstəricilərlə ölçmək doğru olmazdı. Bu tərəfdaşlığın davamlılığını təmin edən mühüm amillərdən biri humanitar əlaqələrdir. Onilliklər ərzində təhsil, mədəniyyət və xeyriyyəçilik sahələrində qurulmuş münasibətlər xalqlar arasında qarşılıqlı rəğbətin möhkəmlənməsinə xidmət edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstəyi, müxtəlif təhsil və humanitar təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı keçirilən görüşlər, təhsil müəssisələrinə göstərilən dəstək də bu əlaqələrin inkişafına mühüm töhfə verib. Təhsil sahəsində əməkdaşlığın isə xüsusi tarixi bazası var. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış akademik əlaqələrin miqyasını göstərir. Həmin məzunların qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsi təhsilin uzunmüddətli tərəfdaşlıqda nə qədər mühüm rol oynadığını təsdiqləyir. Bu gün universitetlərarası memorandumlar, akademik mübadilə və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrantları həmin ənənənin davam etdirilməsinə imkan verir.

2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da tarixi yaddaşın qorunması baxımından əlamətdar hadisədir. Bu addım iki xalqın dostluğunun yalnız keçmişə aid olmadığını, gələcək nəsillərə də ötürülən dəyər olduğunu nümayiş etdirir. Mədəniyyət sahəsində də münasibətlər yeni məzmun qazanır. 2026-cı ildə Vyetnam Günlərinin ilk dəfə Bakı ilə yanaşı Qəbələdə keçirilməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri mədəni mübadilənin genişləndiyini göstərir. Bu əlaqələrin tarixi isə daha əvvələ gedib çıxır. Qara Qarayevin 1955-ci ildə ilk Sovet-Vyetnam sənədli filmi üçün bəstələdiyi “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnam kinematoqrafiyasının inkişafına verdiyi töhfələr ortaq mədəni irsin mühüm səhifələridir. Onun “Vyetnamda gördüklərim” kitabının Vyetnam dilinə tərcümə olunması və bu il Hanoyda təqdim edilməsi həmin irsin müasir dövrdə də yaşadığını göstərir. Dostluğun real mahiyyəti isə ən çox çətin məqamlarda üzə çıxır. Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların Vyetnamda yaratdığı fəsadların aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi qarşılıqlı həmrəyliyin bariz nümunəsidir. Bu cür addımlar siyasi bəyanatlardan daha artıq məna daşıyaraq xalqlar arasında etimadı gücləndirir.

Prezident cənab İlham Əliyevin müsahibəsinin siyasi-iqtisadi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Vyetnamla münasibətlərin mövcud səviyyəsini son hədd kimi deyil, daha geniş əməkdaşlıq üçün başlanğıc platforması kimi qiymətləndirir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu niyyətin siyasi ifadəsidirsə, enerji layihələri, investisiya təşəbbüsləri və tranzit daşımalarının artması onun iqtisadi məzmununu formalaşdırır. Müasir dünyada iqtisadi güc və geosiyasi mövqe dövlətlərarası münasibətlərin inkişafında getdikcə daha çox qarşılıqlı şəkildə tamamlanır. Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadi mərkəzlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm enerji və logistika habıdır. Bu iki ölkənin imkanlarının uzlaşdırılması yeni bazarlara çıxış, investisiya axınlarının genişləndirilməsi və birgə istehsal layihələrinin reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Əsas məsələ mövcud siyasi iradəni konkret iqtisadi nəticələrə çevirməkdir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, SOCAR–PetroVietnam əməkdaşlığının genişləndirilməsi və nəqliyyat marşrutlarından səmərəli istifadə yaxın perspektivdə prioritet istiqamətlər kimi çıxış edir. Cənab Prezidentin Vyetnama səfəri də məhz bu baxımdan əhəmiyyətlidir. Bu səfər tarixi dostluğun müasir iqtisadi və siyasi çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi, əldə olunmuş razılaşmaların praktiki məzmunla zənginləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün mühüm fürsətdir. Beləliklə, Azərbaycan–Vyetnam münasibətləri tarixi ənənələrdən güc alan, siyasi etimadla möhkəmlənən və iqtisadi maraqlarla zənginləşən strateji tərəfdaşlıq modelinə çevrilir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, hər iki ölkə bir-birinə yalnız dost dövlət kimi deyil, həm də yeni regional və qlobal iqtisadi imkanların reallaşdırılmasında etibarlı tərəfdaş kimi yanaşır.

Tahir Mirkişili,

Milli Məclisin deputatı