20 noyabr 2026 14:18
96

Yeni Azərbaycan naminə 34 il

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də ölkədə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarəetməsi tamamilə naşı və səriştəsiz şəxslərin əlinə keçmiş, nəticədə özbaşınalıq baş alıb gedirdi. Nəinki müstəqilliyin itirilməsi, hətta xalqın, ölkənin parçalanmaq təhlükəsi qaçılmaz idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Belə bir çətin məqamda xalq nicat yolunu həmin vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməsi üçün yeni bir siyasi təşkilata ehtiyac vardı. Məhz bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasını yaratmaqla insanlara yaşamaq ümidləri bəxş etdi.

Təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan deyildi, çünki həmin dövrdə hakimiyyətdə olan şəxslər partiyanın təşkilatlanmasına mane olmaq üçün hər vasitəyə əl atırdılar. Bütün çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanır və inkişaf edirdi. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ideya və amallarını özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası həqiqətən də xalqın nicat, qurtuluş yolu oldu. Xalqın yekdil dəstəyi ilə qısa zaman ərzində iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını dğruldaraq ümumxalq partiyası statusunu qazandı. Ölkəni və xalqı olmazın böhranlardan, məhrumiyyətlərdən xilas edən Yeni Azərbaycan Partiyasına gənclərin marağı artmağa başladı. Cənab Prezident İlham Əliyevin partiyanın II Qurultayında Sədrin I müavini vəzifəsinə seçilməsi isə partiyada gəncləşmə siyasətinin əsası hesab edilir.

Yeni Azərbaycan Partiyası öz Proqramından irəli gələn bütün vəzifələri yerinə yetirərək dövlət müstəqilliyini möhkəmləndirmiş, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi mühüm işləri layiqincə həyata keçirmişdir.

Keçirilmiş hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin cari ilin oktyabr ayının 2-də keçirilən VIII Qurultay özünəməxsusluğu ilə seçilir. Düzdür, ərazi bütövlüyümüz bərpa edildikdən sonra partiyamızın VII  Qurultayı keçirilmişdi. Lakin suverenliyimiz təmin edildikdən sonra keçirildiyi üçün VIII Qurultay da partiyamızın tarixində özünəməxsusluğu ilə qaldı. Partiyamızın sədri, Prezident İlham Əliyevin VIII Qurultaydakı geniş proqram xarakterli çıxışı isə yeni tarixi mərhələdə ölkəmizin və partiyamızın qarşısında duran strateji vəzifələri, inkişaf hədəflərini və gələcək fəaliyyətin əsas yol xəritəsini müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyasının məqsəd və məramı müstəqil Azərbaycan dövlətinin davamlı inkişafının və xalqın firavan həyat şəraitinin təmin edilməsidir. 34 il xalqın xidmətində olması və bu müddət ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi yol, gördüyü işlər belə deməyə əsas verir. Əsas şüarı “Yeni Azərbaycan naminə!” olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, partiyamızın banisi, dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün, gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaqdır.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər ürə məsləhətçisi