20 noyabr 2026 12:59
128

Yeni Azərbaycan Partiyası: tarixi ənənələrə hörmət, dövlətçiliyə sədaqət, milli maraqlara xidmət

Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın taleyində mühüm dönüş nöqtəsidir. 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi ağır ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin təhlükə altında olması, siyasi qeyri-sabitlik və iqtisadi tənəzzül Azərbaycanın gələcəyi naminə məsuliyyətli qərarların qəbulunu zəruri edirdi. Belə bir şəraitdə milli maraqları və dövlətçilik mənafelərini müdafiə edən yeni siyasi qüvvənin formalaşması tarixi zərurətə çevrilmişdi. Məhz bu zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi təşkilatına çevrildi.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Partiyanın yaranmasından əvvəl, həmin il oktyabrın 16-da 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciət isə tarixə “91-lər”in müraciəti kimi daxil oldu. Müraciətdə Ulu Öndərdən yeni siyasi təşkilata rəhbərlik etməsi xahiş olunurdu. Heydər Əliyev cavabında partiyanın yaradılmasının obyektiv zərurətdən irəli gəldiyini və müstəqil Azərbaycanın möhkəmləndirilməsində tarixi rol oynaya biləcəyini bildirmişdi.

YAP yarandığı ilk gündən konstruktiv siyasi mövqeyi, dövlətçilik prinsiplərinə sadiqliyi və milli maraqları üstün tutması ilə fərqləndi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin müasir tarixində yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi. Bu proseslərdə Yeni Azərbaycan Partiyası mühüm siyasi dayaq rolunu oynadı. Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsi təşkilatın tarixi missiyasını və ideoloji istiqamətini ifadə edən əsas prinsiplərdən birinə çevrildi.

2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi təşkilatın inkişafında yeni mərhələni təşkil edir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi, partiyanın təşkilati potensialının daha da gücləndirilməsi və müasir dövrün tələblərinə uyğun fəaliyyətinin genişləndirilməsi əsas prioritetlər oldu.

2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın uğurlu fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıdı. Qurultayda yeni Nizamnamə qəbul edildi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərlik Veteranlar Şurası təsdiqləndi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Həmin il dekabrın 29-da təsdiqlənən yeni Proqramda isə partiyanın strateji hədəfləri müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyatın qurulması, sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış əsas prioritetlər kimi təsbit olundu.

Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 800 minə yaxın üzvün birləşməsi onun geniş ictimai dayaqlarının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Partiyanın gücü yalnız üzvlərinin sayı ilə deyil, dövlətçilik maraqlarına sədaqəti, ictimai həmrəyliyin möhkəmləndirilməsi və ölkənin inkişafına verdiyi töhfələrlə ölçülür.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin bərpası ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin möhtəşəm nəticəsi oldu. Prezident İlham Əliyevin VIII qurultaydakı “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir” fikri yeni tarixi reallığın mahiyyətini ifadə edir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və yeni infrastrukturun yaradılması bu gün ölkəmizin əsas strateji vəzifələrindəndir.

Son seçkilərin nəticələri də partiyanın ölkənin siyasi həyatındakı mövqeyini təsdiqləyir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səs qazanması, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində YAP-ın 68 mandat əldə etməsi, 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyadan 5855 nəfərin bələdiyyə üzvü seçilməsi onun geniş təşkilati imkanlarının göstəricisidir.

2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı partiyanın inkişaf tarixində mühüm siyasi hadisə oldu. Prezident İlham Əliyev proqram xarakterli çıxışında yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda təşkilatın qarşısında duran başlıca vəzifələri və strateji hədəfləri müəyyənləşdirdi. Azərbaycan Prezidenti qeyd edib ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Bu mövqe dövlətçilik maraqlarının siyasi baxışlardan üstün tutulmasının vacibliyini bir daha göstərir.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin mühüm hissəsidir. Vaxtilə ağır siyasi böhran şəraitində yaradılan partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinin çağırışlarına uyğun fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin artması, ərazi bütövlüyünün və suverenliyinin bərpası qarşıda daha böyük hədəflər müəyyənləşdirir. Əldə edilmiş nailiyyətlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və milli həmrəyliyin davamlı təmin olunması partiyanın əsas vəzifələrindəndir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol xalqın etimadına, dövlətçilik prinsiplərinə və milli maraqlara əsaslanan siyasi fəaliyyətin nəticəsidir. Naxçıvanda atılan tarixi addımdan böyük Zəfərə, suverenliyin bərpasından yeni strateji hədəflərə gedən bu yol partiyanın müasir Azərbaycanın siyasi həyatında mövqeyini müəyyənləşdirir.

Nurlan Həsənov,
Milli Məclisin deputatı